Etnik mənsubiyyət və peşəkarlıq – Marneulidə mer vəzifəsinə namizədləri necə təyin edirlər
13:35 / 30.09.2021
Namizədin etnik mənsubiyyəti və siyasi keçmişi – 2017-ci ildən
Marneuli meri vəzifəsinə, majoritar deputat, yaxud proporsional
deputatlığa namizədlər məhz bu iki meyarla seçilir.
Marneulidə ilk etnik azlıq nümayəndəsi olan mer 2017-ci ildə yerli
özünüidarə seçkiləri nəticəsində seçilib. Ancaq ötən illərdə
vəziyyət tam başqa idi. Əhalisinin çoxluğunu etnik azlıq təşkil
edən bələdiyyənin azərbaycanlı meri/qubernatoru olmayıb. Müasir
demokratiya üçün mer vəzifəsinə namizədin etnik mənsubiyyəti
olmamalıdır. Çünki vətəndaşların əsas seçim etməli olduğu namizədin
keçmiş təcrübəsi və peşəkarlığıdır. Buna baxmayaraq, Marneulidə mer
vəzifəsinə namizədlərin təyin olunması ilə bağlı fərqli təcrübə
görürük.
“Gürcü Arsuzu” partiyasından Kənan Ömərov, “Vahid Milli
Hərəkat”-dan Eldar Mustafayev və “Avropalı Gürcüstan”-dan Əhməd
İmamquliyev – bu üç namizəd Marneuli meri vəzifəsi uğrunda, 2
oktyabr seçkilərində mübarizə aparacaq.
2021-ci il yerli özünüidarə seçkilərində Marneulidə mer vəzifəsinə
yalnız üç namizəd qeydiyyatdan keçib. Onların hər üçü etnik
azərbaycanlıdır. Marneuli əhalisinin təxminən 83%-ni etnik
azərbaycanlılar təşkil edir. Müvafiq olaraq mer vəzifəsinə hər üç
namizədin etnik qrup nümayəndəsi olması da təəccüblü deyil. Ancaq,
etnik azlıq nümayəndələrinin müxtəlif partiyalardan Marneuli meri
vəzifəsi uğrunda mübarizə aparması elə də uzun müddətdir baş
vermir.
2017-ci yerli özünüidarə seçkilərində “Gürcü Arzusu”-nun Marneuli
meri vəzifəsinə namizədi ilk əvvəl Amiran Qiorqadze idi. Ancaq
seçkilərdən 30 gün əvvəl onun namizədliyi Temur Abazovun
namizədliyi ilə əvəz olundu. Marneuli sakinlərinin əksəriyyətinin
heç tanımadığı namizəd yerli özünüidarə seçkilərinə qalib gəldi.
Müxalifət seçki günü saxtalaşdırmalardan söhbət açırdı və
bildirirdi ki, Abazov yalnız seçkilərin saxtalaşdırılması yolu ilə
qələbə çaldı. Ancaq bir fakt var, həmin gündən Marneulinin ilk dəfə
etnik Azərbaycanlı meri var idi.
“2016-cı ildə Gürcüstanda Parlament seçkiləri idi və o
zaman Marneulidə çox böyük inkişaf, çox böyük siyasi iştirak var
idi. Demək olar ki, əhalinin siyasi oyanışı baş verdi. “Milli
Hərəkat”-ın namizədi Əhməd İmamquliyev və “Gürcü Arzusu”-nun
namizədi Tamaz Naveriani arasında mübarizə baş tutdu. İkinci tur da
keçirildi. Ancaq vətəndaşların yüksək aktivliyi də var idi, eləcə
də digər xarici qüvvələr prosesə qoşulmuşdu və həmin seçkilərə
böyük müdaxilələr edildi. Düşünürük ki, bundan sonra 2017-ci ilin
yerli özünüidarə seçkilərinin taleyi həll olundu. Həmin siyasi
razılaşma nəticəsində, əgər seçkilərdə Tamaz Naveriani qalib
gələrdisə, yerli özünüidarə seçkilərində mer vəzifəsinə namizəd
azərbaycanlı olacaqdı”, – Marneulili mülki fəal Samirə Bayramova
bildirir.
Bayramovanın sözlərinə görə, 2017-ci il hadisələrindən sonra
Marneulidə vəziyyət qismən dəyişdi. Baxmayaraq ki, bələdiyyə meri
etnik azlıq nümayəndəsi idi, bu əhali üçün çox şey demək deyildi.
Çünki qeyd olunan vəzifə simvolikdir.
“Elə həmin dövrdə, yerli özünüidarə barədə qanun
dəyişdirildi, həmin dəyişiklikdən sonra Bələdiyyə Məclisi və meriya
yaradıldı. Ona qədər icra hakimiyyəti idi və həmin orqanın daha çox
hüquqi statusu, öhdəliyi və imkanı var idi. Deyə bilmərik ki, bu
gün merin də belə öhdəlikləri var. Əlbəttə, əgər etnik azlıq
nümayəndələrinin siyasi iştirakı çox mühümdürsə, o zaman onların
yerli özünüidarədə təmsil edilməsi onların sayına uyğun olmalıdır.
Marneulidə 90%-ə yaxın etnik azlıq nümayəndəsi var, ancaq yerli
özünüidarədə faiz baxımından çox az etnik azlıq nümayəndəsi işlə
təmin olunub. Yalnız yerli səviyyədə deyil, həmçinin, mərkəzi
səviyyədə də etnik azlıq nümayəndələri aparıcı vəzifədə və qərar
qəbul edən rolunda deyillər. Təəssüf ki, bu günə qədər onların rolu
və funksiyası simvolik, formaldır.”
Bayramovanın sözlərinə görə, Marneulidə etnik azərbaycanlı mer
əhalinin təşəbbüsü ilə deyil, siyasi subyektlərin razılığı əsasında
seçilib. Onun bildirdiyinə görə, dövlətin konkret inteqrasiya
siyasəti yoxdur. Bu səbəbdən belə siyasi hadisələr yalnız və yalnız
razılaşma əsasında baş verir.
Bizim apardığımız sorğuda iştirak edən əhalinin əksəriyyəti seçim
edən zaman namizədin etnik mənsubiyyətinə əhəmiyyət vermir. Onların
bildirdiyinə görə, mühüm olan mer vəzifəsinə namizədin real iş
görməsidir. Onun etnik mənsubiyyəti isə ikinci və ya üçüncü
dərəcəlidir. Ancaq vətəndaşların bir qismi merin onların etnik qrup
nümayəndəsi olmasına sevinir. Düşünürlər ki, bu halda onların
problemi daha asan dinləniləcək və həll olunacaq.
“Sosial Ədalət Mərkəzi”-nin təsisçisi Tamta Mikeladze hesab edir
ki, yerli özünüidarə səviyyəsində etnik azlıqların iştirakı hiss
olunacaq dərəcədə aşağıdırsa, belə reallıqda mühüm olan siyasi
partiyaların etnik azlıq qruplarından yeni liderlərin kəşf
edilməsinə dəstək olması və onların mer vəzifəsinə namizəd təqdim
olunmasıdır. Onun bildirdiyinə görə, etnik azlıqların təmsil
olunması halında siyasətçilərdə və siyasi partiyalarda belə
təsəvvür yaranır ki, etnik məsələ mühüm olmalı deyil, biz
namizədləri vətəndaşların prinsiplərinə əsasən, kvalifikasiyaya,
təcrübəyə görə seçməliyik. Etnik faktorları nəzərə almaq müasir,
vətəndaş nacionalizminə söykənmiş demokratiyalar üçün düzgün deyil.
Ancaq əksər hallarda məhz demokratik dövlətlər sual verirlər ki,
etnik azlıq nümayəndələri siyasi proseslərdə, müxtəlif hakimiyyət
dairələrində nə dərəcədə təmsil olunurlar.
“Sosial Ədalət Mərkəzi”-nin təsisçisinin sözlərinə görə, etnik
azlıq nümayəndələri və onların yerli özünüidarədə işlə təmin
olunmasından söhbət gedirsə, həmişə qeyd olunur ki, yerli
özünüidarə, yaxud siyasi subyektlər üçün ixtisaslı, peşəkar kadrlar
seçmək prioritetdir. Onun bildirdiyinə görə, partiyaların, etnik
azlıqlarda müvafiq kadr tapa bilməməli kimi münasibətini qəbul
etmək çətindir. Çünki deyə bilmərik ki, heç olmasa Marneuli
Bələdiyyə Məclisində təmsil olunan etnik gürcülər, yaxud digər
əməkdaşlar çox peşəkardırlar. Mikeladzenin dediyinə görə, Marneuli
Bələdiyyə Məclisinin fəaliyyətini müşahidə etdikdən sonra ciddi
böhran və çox aşağı peşəkarlıq aydın olub. Bu səbəbdən, onun
fikrinə görə, peşəkar kadrlara diqqət yetirmək etnik azlıqlara
qarşı həddini aşmış meyardır. Onun sözlərinə əsasən, etnik azlıq
nümayəndəsi olan gənclər arasında dövlət dilini yaxşı bilən, öz
işinin peşəkarı olanlar çoxdur. Buna görə də siyasi partiyalar məhz
onların təmsil olunmasının qayğısına qalmalıdır.