Türkiyə Gürcüstan vasitəsilə Avropa İttifaqı ölkələrinə mal ixrac
etmək hüququ əldə edib.
Bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin
mətbuat xidməti məlumat yayıb.
"Avropa İttifaqı, Gürcüstan və Türkiyə arasında sərbəst
ticarət rejimi ixrac məhsullarının çeşidini əhəmiyyətli dərəcədə
artıracaq. Xüsusilə, bu, tekstil, mebel, tikinti materialları,
plastik, polad məmulatları, kağıza aiddir. Əlavə olaraq bu
razılaşma Türkiyədən investisiyanı təşviq edəcək, müştərək
şirkətlərin qurulmasını və yeni iş yerlərinin açılmasını
sürətləndirəcək", - açıqlamada deyilir.
Nazirlik yeni müqavilənin kənd təsərrüfatı məhsullarına şamil
edilməyəcəyini bildirib.
Qeyd edək ki, Gürcüstan, Türkiyə və Avropa İttifaqı 2017-ci ildən
bəri bu razılaşma üzərində işləyir.
Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır. 2021-ci ilin
yanvar-avqust aylarında ölkələr arasında ticarət dövriyyəsi 1,2
milyard ABŞ dollarını keçib və bu, 2020-ci ilin eyni dövrü ilə
müqayisədə 32,5% çoxdur.
Mənbə: report.az