Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin rəhbəri Nikoloz
Samxaradzenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 18-19-da
Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfər edəcək.
Bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.
Nümayəndə heyəti Ankarada keçiriləcək Gürcüstan, Azərbaycan və
Türkiyə parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin
IX üçtərəfli görüşündə iştirak edəcək.
Toplantıda üçtərəfli əməkdaşlığın gündəliyində duran bütün önəmli
məsələlərin, Qara dəniz bölgəsində təhlükəsizliyə təhdidlər və
regional əməkdaşlığın gücləndirilməsi imkanlarının müzakirəsi
aparılacaq.
Görüş çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılıb.
Gürcüstan parlamenti üçtərəfli əməkdaşlıq formatını tərəflərin
bölgədə baş verən proseslər, üçtərəfli strateji tərəfdaşlığın
önəmli aspektləri və ölkələr arasında əməkdaşlığın daha da inkişaf
etdirilməsi və möhkəmləndirilməsi üçün gələcək addımların
müzakirəsinə imkan verən əhəmiyyətli platforma kimi
qiymətləndirir.
Mənbə: report.az