Hücumlar mənim kilsəyə olan inancımı sarsıda bilməyəcək - Saakaşvili
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sözlərinə görə, "haqsız hücumlar" onun kilsəyə olan inancını sarsıtmayacaq.

Həbsdə olan Saakaşvilinin rəsmi "Facebook" səhifəsində qısa şərh yayımlanıb.

"Ürək ağrısı verən, qeyri-insani və haqsız hücumlar, kimin diktəsi ilə olur, olsun, nə bütövlükdə inancımı, nə də Kilsəmizə olan sevgimi sarsıda bilməz", - deyə qeyd edib.

Son günlərdə Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun bir neçə nümayəndəsi Mixail Saakaşvilinin azad edilməsini tələb edən petisiyaya imza atıb. Barışığın vacibliyindən danışıblar.

Bundan sonra, bazar günü xütbəsi zamanı metropolitan Şio İncilin "yanlış təfsirindən" bəhs edib. Onun sözlərinə görə, orada yazılmayıb ki, həmişə hamı ilə barışmalısan.

“Bu gün ümumbəşəri barışıqdan danışırlar. Yeri gəlmişkən, hər kəsin hər şey üçün bağışlanmalı olduğunu, hər kəsin həmişə barışmalı olduğunu söyləyərək xristian təlimini tez-tez səhv şərh edirlər.

İncildə belə bir şey yazılmamışdır və hətta ədalətli bir cəza ilə pisliyin qarşısının alınması buyurulmuşdur. Bəzən, həddindən artıq ciddi hallarda, ehtiyac olarsa, bu cür şəxslərdən qurtulmalıyıq, şəxsi düşmənimizdən danışırıqsa, onu həyatımızdan və cəmiyyətimizdən ayırmalıyıq",
- deyə o qeyd edib.

Mənbə: Netgazeti
Print