Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr
komitələrinin növbəti üçtərəfli görüşü gələn ilin yazında Bakıda
keçiriləcək.
Bu barədə Ankarada üçtərəfli görüşdən sonra keçirilən mətbuat
konfransında Türkiyə parlamentinin Xarici İşlər Komissiyasının
rəhbəri Akif Çağatay Kılıç bildirib.
Onun sözlərinə görə, tərəflər parlamentlərarası əlaqələrin
inkişafının region ölkələri arasında münaqişələrin qarşısının
alınmasında önəmli rol oynadığı bildiriblər.
Akif Çağatay Kılıç deyib ki, Azərbaycan torpaqlarının işğaldan azad
olunması, regionda davamlı sülhün bərqərar olması ilə bağlı da
fikir mübadiləsi aparılıb, tərəflər terrorizmin hər növünə qarşı
olduqlarını və hər üç ölkənin beynəlxalq parlamentlərarası
təşkilatlarda fəaliyyətlərinin genişləndirilməsinin vacibliyini
vurğulayıblar.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib
ki, Ankarada bu formatda üçtərəfli görüşün keçirilməsi, səmərəli
fikir mübadiləsinin aparılması region xalqlarının bir-biri ilə daha
da yaxınlaşmasına xidmət edir.
O deyib ki, danışıqlar zamanı yalnız regional səviyyədə yox, eyni
zamanda, beynəlxalq müstəvidə - ATƏT, Avropa Şurası, NATO və eləcə
də digər qurumların parlament assambleyalarında qarşılıqlı dəstək
barədə razılığa gəlinib:
“Türkiyəyə, Azərbaycana və
Gürcüstana qarşı hər hansı bir təhdid olacaqsa, biz birgə
səylərimizi ortaya qoyacağıq”.
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz
Samxaradze toplantı zamanı Gürcüstanın ərazi bütövlüyünə verilən
dəstəyə görə təşəkkürünü bildirib. Gürcü deputat bu formatda
görüşlərin davamlı olmasına ümid etdiyini qeyd edib:
“Qafqazda, Qarabağ bölgəsində sülh və sabitliyin
qorunub saxlanması mövzusunda müzakirələr apardıq. NATO-ya yeni
üzvlərin qəbulu və Gürcüstanın NATO-ya inteqrasiyasını müzakirə
etdik”.
Mənbə: apa.az