“Gürcüstan əhalisinin koronavirusa qarşı mübarizəyə
dair tələbələrə və həkim tövsiyələrinə çox az əməl etməsi ölkədə
pandemiyanın daha geniş yayılmasına əsas verir”.
Bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi QİÇS və İnfeksion
Xəstəliklər Mərkəzinin direktoru Tengiz Tertsvadze söyləyib.
Onun sözlərinə görə, COVID-19 virusuna yoluxma halları daha da
artacaq və bunda bir başa əhali günahkardır. Gürcüstan əhalisinin
pandemiyaya qarşı laqeydliyi koronavirusun 5-ci dalğasının
əvvəlkilərdən daha ağır keçməsinə şərait yaradır. Gündəlik
4000-5000 insanın vaksin olunması çox cüzi bir rəqəmdir və əsl
fəlakətdir.
“Heç bir sivil ölkədə belə bir hal yoxdur. Əhali tibbi
maskadan da imtina edir. Bu gün Gürcüstanda əhalinin ən çox 45
faizi maska taxır. Bu isə daha çox yoluxmaya yol
açır”, – deyə Tertsvadze vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda son 24 saat ərzində 1877 nəfər
koronavirusa qarşı peyvənd olunub, onların da 670-i peyvəndin
birinci dozasını qəbul edib. Oktyabrın 25-nə olan məlumatlara görə,
ümumilikdə ölkə əhalisinin 1 950 693 nəfərinə peyvənd vurulub.
Onların da 1 024 769 nəfər hələlik yalnız bir doza vaksin qəbul
edib. Bu da yetkin əhalinin 36,1 faizini təşkil edir.
Əhalinin yalnız 925 169 nəfəri peyvəndin hər iki dozasını qəbul
edib ki, bu da yetkin əhalinin 32,4 faizini təşkil edir.