bp-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa)
vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş
1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola
salınıb.
İtaliyaya yola düşən “Stamos” adlı 1000-ci tankerə AÇG yatağından
hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və
Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650000
barel xam neft yüklənilmişdir.
bp-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva: “Bakı-Supsa
bp və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm
bir hissəsidir və Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı
əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından 1000-ci
tankerin yola salınması həm də bp-nin Gürcüstandakı fəaliyyətinin
25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir.”
Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700
milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac
həcmi gündəlik 100000 barel təşkil edir.
bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə
meneceri Eldar Qaziyev: “İstismarda olduğu 20 ildən artıq müddətdə
və 1999-cu ildə ilk tankerin yükləndiyi vaxtdan bəri Bakı-Supsa
boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr
edirik.”
AÇG üzrə iştirak payları aşağıdakı kimidir: “bp” (30.37%), “SOCAR”
(25.0%), “MOL” (9.57%), “İNPEX” (9.31%), “Equinor” (7.27%),
“ExxonMobil” (6.79%), “TPAO” (5.73%), “İTOCHU” (3.65%), “ONGC
Videsh Limited (OVL)” (2.31%).
Mənbə: trend.az