“Google” axtarış saytının əsas səhifəsi dünya şöhrətli azərbaycanlı
alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru
seçilmiş yeganə şəxs Lütfi Zadəyə həsr edilmiş
dudl hazırlayıb.
Axtarış sistemi alimə həsr olunmuş dudl təqdim edib.
Axtarış sisteminin istifadəçiləri dudlu klik etməklə Lütfi Zadə
barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə
bilərlər.
Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində
dünyaya gəlib. 1944-1959-cu illərdə Massaçusets Texnologiya
İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi
dərəcələrini alıb. Sonra Berkli Universitetində çalışıb, 1963-cü
ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına
rəhbərlik edib. Eyni zamanda həmin universitetdə ömürlük professor
və "Soft Computing" İnstitutunun direktoru kimi çalışıb.
İstehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində
inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi ona dünyada
şöhrət qazandırıb. Nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq
anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq.
Bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda
mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb,
medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai
təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən
çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə
onun əsərlərinə 36 mindən çox istinad edilib.
Qeyd edək ki, Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“,
“Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis
məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan
maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında,
avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında
yararlanırlar.
Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96
yaşında dünyasını dəyişib, bir neçə gün sonra Bakıda dəfn
olunub.
Qeyd edək ki, bu gün İnternet mühitində minlərlə axtarış sistemi
fəaliyyət göstərsə də, axtarış sistemlərinin sayının çox olmasına
baxmayaraq İnternet istifadəçilərinin çox hissəsi “Google”
serverinə üstünlük verirlər. İnternet istifadəçilərindən hər 10
nəfərdən 6-sı axtarış sistemləri arasında lider sayılan “Google”
severinə müraciət etməyi üstün sayır.
Axtarış sisteminin dudlları dünyada baş verən maraqlı hadisələr,
ənənəvi günlər, bayramlarlə əlaqədar olaraq axtarış sisteminin əsas
səhifəsində görünən rəsmlər, fotolar, oyunlar və s.dır.
"Google" axtarış sistemi Amerikanın “Google Inc” şirkətinə
məxsusdur. Axtarış sistemi 8 milyardddan çox veb-səhifəni
indeksasiya edir. Eyni zamanda 2009-cu ildən başlayaraq 191 dildə
yazılmış informasiyanı tapa bilir. “Google” eyni zamanda PDF, RTF,
PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint
və s. formatlarda olan sənədlərin axtarılmasını dəstəkləyir.
“Google” Stenford tələbələri Larri Peyc və Sergey Brin tərəfindən
yaradılıb. 1996-cı ildə “BackRub” axtarış sistemi üzərində işləyən
tələbələr, bu sistemdə istifadə etdikləri alqoritm əsasında 1998-ci
ildə “Google” sistemini yaradıblar, baxmayaraq ki “Google.com”
domen adı 15 sentyabr 1997-ci ildə qeydiyyatdan keçib.
Qeyd edək ki, “Google” adı 10100 rəqəminin adından götürülüb.
Xatırladaq ki, “Google” axtarış saytının əsas səhifəsi oktyabrın
18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin
30 illiyinə həsr edilib və əlamətdar hadisə üçün dudl hazırlayıb.
Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin
Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid
baş verib.
Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində
əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların
adıdır.
Mənbə: report.az