Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü Tsalka
bələdiyyəsində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP)
tərəfdarının fiziki zorakılığına məruz qalıb.
Bu barədə hakim partiyanın yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, qarşıdurma siyasi motivlər əsasında noyabrın 29-da
rayonun Ərcivan-Sarvan kəndində baş verib. İnsident zamanı həmin
kənddə yaşayan VMHP tərəfdarı Vasif İbrahimov “Gürcü Arzusu”nun
üzvü və Tsalka merinin Tecis kəndi üzrə nümayəndəsi Nüsrət
Heydərovu təhqir edib, daha sonra fiziki təzyiq göstərib.
Qeyd olunub ki, qarşıdurma zamanı V.İbrahimov N.Heydərovla “Gürcü
Arzusu”ndakı fəaliyyətinə görə mübahisə edib. Mübahisə daha sonra
davaya keçib. V.İbrahimov N.Heydərovun üzünə yumruqla vurub,
nəticədə onun burun və göz nahiyəsində xəsarətlər əmələ gəlib.
Hakim partiya hadisənin şahidlərinin olduğunu bildirib.
Mənbə: report.az