Rusiya buğda ixracı vergisini daha da azaldır
Rusiya yanvarın 26-dan etibarən buğdanın ixrac vergisini 1,7 dollar azaldacaq. Müvafiq olaraq, buğdanın ton başına ixrac vergisi 97,5 əvəzinə 95,8 dollar olacaq. Məlumatı Rusiya Kənd Təsərrüfatı Nazirliyinə əsaslanan Rusiya nəşrləri yayıb.

Qeyd edək ki, ixrac vergisinin azaldılması artıq iki həftədir ki, davam edir. Rusiya ötən ilin sentyabrından bəri ilk dəfə olaraq keçən həftə buğda tarifini aşağı salıb.

Eyni zamanda, arpa üçün gömrük rüsumu 79 dollardan 74,4 dollara endiriləcək, qarğıdalı üçün isə 46,1 dollardan 50,6 dollara qaldırılacaq. Sözügedən vergi fevralın 1-dək qüvvədə olacaq.

İxrac vergisi taxılın indikativ qiymətlərinə əsaslanır ki, bu da bir ton buğda üçün 336,9 dollar (bir həftə əvvəl 339,3 dollar), arpa üçün 291,3 dollar (bir həftə əvvəl 297,9 dollar) və qarğıdalı üçün 257,4 dollar (bir həftə əvvəl 250,9 dollar) təşkil edir.
Məlumat üçün: Rusiya ötən il iyunun 2-dən taxıl ixracına üzən vergi tətbiq edib və bu vergi Moskva birjasında taxılın qiyməti əsasında həftəlik əsasda müəyyən edilir.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, 2021-2022-ci kənd təsərrüfatı ili üçün taxıl ixracı 45-48 milyon ton təşkil edəcək. Ötən il bu rəqəm 49 milyon ton olub ki, bunun da 38,4 milyon tonu buğda olub.

Gürcüstanın həm buğda, həm də un üçün əsas idxal bazarı Rusiyadır. Ötən il Gürcüstana 93,4 milyon dollara 366 min 766 ton buğda ixrac edilib ki, bunun da 337 min 694 tonu Rusiya buğdasının payına düşüb (87,4 milyon dollar).

Mənbə: BM

Print ელ. ფოსტა
FaceBook Twitter Google