Marneuli bələdiyyəsinin üç kəndində dəmir/beton örtüklü daxili
yollar çəkiləcək. Marneuli meriyası kəndlərə yol çəkilməsi üçün
ümumi dəyəri 1 147 237 lari olan iki tender elan edib.
Birinci tenderə əsasən, dəmir-beton örtüklü yol Tserakvi və Sioni
daxili yollarına çəkiləcək. Bunun üçün yerli özünüidarə 437 700
lari ayırıb. Sioni və Tserakvidə dəmir/beton örtüklü yolun
çəkilməsinin layihə sənədlərinə görə, kəndlərdə ümumilikdə 6
hissədə daxili yol çəkiləcək.
“Obyektdə torpaq yol var və sıradan çıxıb. Çuxurlar var, yağış
zamanı su ilə dolur, en və uzunluq profilləri pozulub. Yağışlı
havada piyadalar və nəqliyyat vasitəsi ilə hərəkət edən sürücülərə
narahatçılıq yaranır”, – layihə sənədlərində qeyd olunub.
Meriyanın elan etdiyi ikinci tenderə əsasən, Marneuli
bələdiyyəsinin Qasımlı kəndində də daxili yolların çəkilməsi
planlaşdırılır. Meriya bunun üçün 709 537 lari ayırıb.
“Qasımlı kəndində əsasən etnik azərbaycanlılar məskunlaşıb.
Kəndlərdə heyvandarlıq və əkinçilik inkişaf edib. İndiki mərhələdə
iki hissəsinin layihələşdirilməsi nəzərdə tutulub. Orada şərti
olaraq 1 və 2-ci yol qeyd etmişik. 1-ci yol kəndin mərkəzindən
başlayır və qərbə doğru yeni tikilmiş məktəb tərəfə gedir. Yolun
uzunluğu 330 m-dir. 2-ci yol da həmçinin, kəndin mərkəzindən
başlayır və cənub-şərqə doğru gedir. Yolun uzunluğu 450 metr təşkil
edir. Layihə ilə nəzərdə tutulan daxili kənd yollarının ümumi
uzunluğu 780 metr təşkil edir. Qeyd olunan yollar hər iki tərəfdən
sıx məskunlaşıb, yaşayış evləri və hasarlar layihədəki yolla demək
olar ki, bitişikdir. Müvafiq olaraq layihədəki yolun ölçüsündə
böyük dəyişikliklər həyata keçirilməyəcək. Çünki layihə əhalinin
köçürülməsini əhatə etmir”, – Qasımlıda dəmir-beton
örtüklü yolun salınma layihəsinin sənədlərində qeyd olunub.
Marneuli meriyası kəndlərdə dəmir/beton örtüklü yolun çəkilməsi
işləri üçün tenderi 13 apreldə elan edib. Tenderlərdə iştirak etmək
istəyən şirkətlər 30 apreldən 5 maya qədər təkliflərini təqdim edə
bilərlər.