Marneuli məktəblərinə Ukraynadan gəlmiş 5 şagird qəbul olunub
Marneuli bələdiyyəsinin təhsil müəssisələrinə Ukraynadan gəlmiş 5 şagird qəbul olunub. Yerli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze bildirdi ki, iki şagird Marneuli şəhər 6 saylı ictimai məktəbinə, iki şagird Şulaveri ictimai məktəbinə, bir şagird isə Marneuli 5 saylı ictimai məktəbinə qəbul olunub. Onun sözlərinə görə, Marneuli məktəblərində təhsilə davam etmək istəyən Ukraynalı uşaqlar yenə var. Onların qəbulu məsələsini Kürtlər və Marneuli 4 saylı ictimai məktəbi müzakirə edəcək.

“Ümumiyyətlə, başqa ölkə vətəndaşı adi şəkildə gələndə, təhsilin tanınmasına müraciət edirlər və bu Tbilisi şəhərində yerləşir. Bunu Təhsil Nazirliyi edir ki, oradan gətirilmiş sənədlərə əsasən, onların fənlərinin bizimlə müqayisədə nə dərəcədə uyğun olması tanınsın. Əsas halda, gürcü dili fərqlidir. Çünki orada gürcü dili tədris olunmur və gürcü dilindən ikinci dil kimi imtahan verirlər, məktəblər elə qəbul edir. Ümumiyyətlə belə olur, ancaq indi sadələşdirilməsi o deməkdir ki, qeyd olunan tənzimləmə Ukraynadan gəlmiş şagirdlərə aid deyil. Onlar sadələşdirilmiş qaydada Gürcüstanda təhsilə davam edə biləcəklər”.

Gürcüstan miqyasında indiki mərhələdə ümumilikdə, Ukraynadan gəlmiş 590 şagird qəbul olunub. Kvemo Kartli mqiyasında belə şagirdlərin sayı 31 nəfərdir.
Təhsil naziri Mixeil Çxenkelinin qərarına görə, Ukraynalı uşaqlar Gürcüstan məktəblərinə sadələşdirilmiş qaydada qəbul olunacaqlar.

Nazirliyin məlumatına görə, şagirdlərin Ukraynada ümumtəhsil müəssisələrində, 2022-ci ilin 24 fevralında, müharibə başlayana qədər təhsil aldıqları sinfə qəbul edilməsi mümkündür.

Gürcüstanda təhsilini davam etdirmək istəyənlər ərizə ilə istədikləri məktəbə müraciət edə bilərlər, Ukraynadan gəlmiş şagirdlərə başqa ölkədə olduğu kimi Gürcüstan da ictimai və özəl məktəblərdə dövlət, eləcə də başqa dillərdə təhsil almağı təklif edir.

Rusiya Ukraynaya 24 fevralda hücum edib. Ukraynada müharibənin 51-ci günüdür.

"Marneuli" Radiosu
Print