Kənd təsərrüfatı torpaq subsidiya proqramına kimlər qoşula bilərlər
Gürcüstan hökuməti 0.25-dən 1.25 hektara qədər kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sahibləri üçün subsidiya proqramına başlayıb. Gürcüstan hökuməti tərəfindən yayımlanmış rəsmi məlumata görə, kənd təsərrüfatı təyinatlı torpaqlar üçün subsidiya proqramı ilə 1 hektara 300 lari nəzərdə tutulub. Kəndlərin İnkişafı Agentliyindən “Marneuli” radiosuna bildirdilər ki, fermerlər torpaq sahələrinə uyğun olaraq subsidiya alacaqlar.

Misal üçün, əgər fermerin 0.25 hektar kənd təsərrüfatı təyinatlı torpağı varsa o, 75 lari, yarım hektar torpağı olan halda isə 150 lari subsidiya alacaq.

Marneulili fermer Ömar Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, fermerlərə bir hektar torpaq sahəsində hər hansı bitkini becərmək üçün minimum 1000 lari lazım olur. O, hesab edir ki, dövlət subsidiya dərmanlar almağa qismən kömək edəcək. Ancaq qeyd edir ki, bu yardım fermerlər üçün yenə də yetərli deyil.

“Mən şəxsən indi torpaqda yonca əkmişəm. Yoncaya dərman lazımdır, həm də ən azı üç dəfə dərman vurmalısan, güman ki, bu pulla dərman ala bilərəm, dərmanlayaram. Ancaq bu bir dəfə kifayət edəcək. Ümumiyyətlə, 300 lari şumlamağa və səpinə kifayət etmir. Bir hekatarı şumlamaq üçün 350 lari lazımdır. İndi mən torpağı şumlayıb yenidən yonca və ya buğda əksəm, bu pul heç nəyə yetməyəcək. Əlbəttə, bu pul bizə kömək edir, ancaq elə də çox deyil”,
– Ömar Məmmədov bildirdi.

Gürcüstan hökumətinin bildirdiyinə görə, subsidiya proqramından 300 000-ə yaxın fermer faydalanacaq. Büdcə isə 35 milyon lari təşkil edir. Kəndlərin İnkişafı Agentliyindən “Marneuli” radiosuna bildirdilər ki, fermerlər köçürülmüş balları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tanınmış biznes opratorlarda, əsasən kənd təsərrüfatı təyinatlı texnika və dərmanlar satılan mağazalarda xərcləyə biləcəklər. Fermerlərin qeyd olunan mağazalarda balı tam xərcləmək və kənd təssrüüfatı təyinatlı texnika və ya dərman almaq hüququ var.

Fermerlər proqramda iştirak etmək üçün fermerlər reyestrində qeydiyyatdan keçməlidirlər. Ötən illərdə də dövlət subsidiyası alan fermerlərə təkrar qeydiyyatdan keçmək lazım deyil. Ancaq reyestrdə hələ də qeydiyyatdan keçməyənlər Kəndlərin İnkişafı Agentliyinin qaynar xəttinə, 1501 nömrəsinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər.

Kəndlərin İnkişafı Agentliyindən bildirdilər ki, fermerlərə pul "Liberty Bank" hesabına köçürüləcək. Pulu yaxın gələcəkdə əldə edə biləcəklər. Proqram isə 2022-ci ilin 30 noyabrına qədər davam edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google