Marneuli Bələdiyyə Məclisinin üzvü, “Vahid Milli Hərəkat”
fraksiyasının sədri Laşa Kveladze Bələdiyyə Məclisinin
növbədənkənar iclasının keçirilməsini tələb edir.
Kveladzenin sözlərinə görə, 18 aprel tarixində keçirilmiş iclasda
sədr, Amiran Qiorqadze onu sona qədər dinləməyib və iclasın
bitdiyini elan edib. “VMH”-ın üzvü bildirir ki, onun yerli
özünüidarənin 2019-2020-ci illərin Audit Xidmətininin nəticəsi ilə
bağlı sualları var və Amiran Qiorqadzeni müzakirəyə dəvət edir.
“Bu gün biz çox təəssüfləndirici fakt gördük. Demək
olar ki, Bələdiyyə Məclisi sədri iclasdan qaçdı. Çünki o, Milli
Hərəkatın suallarına cavab verə bilmirdi. Dövlət Audit Xidmətinin
araşdırması ilə bağlı suallarımız var idi. Məsələn, Audit aşkar
edib ki, Marneuli bələdiyyəsində 15 avtomobil yanacağı oğurlayır.
Çənin həcmi 80 litrdir və 100, yaxud 120 litr süzürlər. Bununla
bağlı Bələdiyyə Məclisinin sədrinə sual vermək istəyirdim. Eləcə
də, Auditin hesabatında yazılıb ki, “Kənd su” MMC 14 uşaq bağçasını
içməli su ilə təmin edir. Buradan 7 bağçaya verilən su yararsızdır.
Həmçinin, əmlakın idarə edilməsi məsələlərində problem var və
bələdiyyə əmlakına qulluq göstərməni təmin edə bilmirlər. Bələdiyyə
buna görə 2019-2020-ci illərdə yarım milyon ziyan gördü. Əsas odur
ki, 2019-2020-ci illərin auditor hesabatı 2017-2018-ci ilin auditor
hesabatına oxşardır. Yəni, meriya və Bələdiyyə Məclisi problemləri
aradan qaldıra bilmədi. Mənə maraqlıdır, daxili audit xidməti nə
edir?”
18 aprel tarixində Bələdiyyə Məclisində Laşa Kveladze bir neçə sual
verə bilib. Həmçinin, bələdiyyədə dayandırılmış kanalizasiya
layihəsindən və tikinti icazəsindən söhbət açılıb. Tikinti icazəsi
ilə bağlı verilmiş sual mübahisəyə səbəb olub. “Gürcü Arzusu”-nun
deputatları Kveladzedən konkret hal qeyd etməsini tələb edirdilər.
Amiran Qiorqadze “VMH”-ın üzvünə rəsmi məktub yazmağı təklif etdi
və iclasın başa çatdığını elan etdi.
“Sizi cavab maraqlandırırsa, rəsmi şəkildə meriyaya
müraciət edin və cavab alacaqsınız. İndi belə sizə cavab verə
bilmərəm. Meriya dolğun cavab verməlidir, icazələr dayandırılmayıb.
Tikinti ilə bağlı ərizələr gəlib, ancaq meyarlara uyğun deyil.
Bəzisinin ərazisi yetərli deyil, bəzisinin sənədləri qaydasında
deyil. Konkret hansı korpusdan söhbət gedir, onu qeyd et. İclas
başa çatıb, çox sağ olun. Yazılı şəkildə bizə müraciət
edin”, - Amiran Qiorqadze qeyd etdi və zalı tərk
etdi.
Bələdiyyə Məclisinin iclasında gündəlikdə nəzərdə tutulmuş 6
məsələni müzakirə etdilər. Onlar arasında kəndlərdə küçələrə adın
verilməsi və müəllimlərin gediş haqqı məsələsi də var idi.