Laşa Kveladze Bələdiyyə Məclisinin növbədənkənar iclasının keçirilməsini tələb edir
Marneuli Bələdiyyə Məclisinin üzvü, “Vahid Milli Hərəkat” fraksiyasının sədri Laşa Kveladze Bələdiyyə Məclisinin növbədənkənar iclasının keçirilməsini tələb edir. Kveladzenin sözlərinə görə, 18 aprel tarixində keçirilmiş iclasda sədr, Amiran Qiorqadze onu sona qədər dinləməyib və iclasın bitdiyini elan edib. “VMH”-ın üzvü bildirir ki, onun yerli özünüidarənin 2019-2020-ci illərin Audit Xidmətininin nəticəsi ilə bağlı sualları var və Amiran Qiorqadzeni müzakirəyə dəvət edir.

“Bu gün biz çox təəssüfləndirici fakt gördük. Demək olar ki, Bələdiyyə Məclisi sədri iclasdan qaçdı. Çünki o, Milli Hərəkatın suallarına cavab verə bilmirdi. Dövlət Audit Xidmətinin araşdırması ilə bağlı suallarımız var idi. Məsələn, Audit aşkar edib ki, Marneuli bələdiyyəsində 15 avtomobil yanacağı oğurlayır. Çənin həcmi 80 litrdir və 100, yaxud 120 litr süzürlər. Bununla bağlı Bələdiyyə Məclisinin sədrinə sual vermək istəyirdim. Eləcə də, Auditin hesabatında yazılıb ki, “Kənd su” MMC 14 uşaq bağçasını içməli su ilə təmin edir. Buradan 7 bağçaya verilən su yararsızdır. Həmçinin, əmlakın idarə edilməsi məsələlərində problem var və bələdiyyə əmlakına qulluq göstərməni təmin edə bilmirlər. Bələdiyyə buna görə 2019-2020-ci illərdə yarım milyon ziyan gördü. Əsas odur ki, 2019-2020-ci illərin auditor hesabatı 2017-2018-ci ilin auditor hesabatına oxşardır. Yəni, meriya və Bələdiyyə Məclisi problemləri aradan qaldıra bilmədi. Mənə maraqlıdır, daxili audit xidməti nə edir?”

18 aprel tarixində Bələdiyyə Məclisində Laşa Kveladze bir neçə sual verə bilib. Həmçinin, bələdiyyədə dayandırılmış kanalizasiya layihəsindən və tikinti icazəsindən söhbət açılıb. Tikinti icazəsi ilə bağlı verilmiş sual mübahisəyə səbəb olub. “Gürcü Arzusu”-nun deputatları Kveladzedən konkret hal qeyd etməsini tələb edirdilər. Amiran Qiorqadze “VMH”-ın üzvünə rəsmi məktub yazmağı təklif etdi və iclasın başa çatdığını elan etdi.

“Sizi cavab maraqlandırırsa, rəsmi şəkildə meriyaya müraciət edin və cavab alacaqsınız. İndi belə sizə cavab verə bilmərəm. Meriya dolğun cavab verməlidir, icazələr dayandırılmayıb. Tikinti ilə bağlı ərizələr gəlib, ancaq meyarlara uyğun deyil. Bəzisinin ərazisi yetərli deyil, bəzisinin sənədləri qaydasında deyil. Konkret hansı korpusdan söhbət gedir, onu qeyd et. İclas başa çatıb, çox sağ olun. Yazılı şəkildə bizə müraciət edin”, - Amiran Qiorqadze qeyd etdi və zalı tərk etdi.

Bələdiyyə Məclisinin iclasında gündəlikdə nəzərdə tutulmuş 6 məsələni müzakirə etdilər. Onlar arasında kəndlərdə küçələrə adın verilməsi və müəllimlərin gediş haqqı məsələsi də var idi.

"Marneuli" Radiosu
Print