Bələdiyyə Məclisində deputatlar Ukraynada həlak olmuş gürcü hərbçiləri bir dəqiqəlik sükutla yad ediblər
18 aprel tarixində, Marneuli Bələdiyyə Məclisinin iclasında deputatlar Ukraynada həlak olmuş gürcü hərbçiləri bir dəqiqəlik sükutla yad ediblər. Həlak olanları bir dəqiqəlik sükutla yad etməyi iclasın başlanğıcında “VMH”-ın üzvü Laşa Kveladze təklif edib. Ancaq Bələdiyyə Məclisinin sədri buna icazə vermədi və bildirdi ki, Bələdiyyə Məclisi onsuz da həlak olanları yad etməyi planlaşdırırdı.

“Öz fikrimi qeyd etməliyəm. Biz planlaşdırmışdıq, ancaq heç nə olmaz, bizim həmkarlarımız bir az tələsib. Amma bilin ki, iclası mən aparıram və gündəliyi mən müəyyən edirəm. Bütün dünya Ukraynada olanlara görə narahatdır. Bizim hökumət dəfələrlə dəstək göstərdi və sonuncu addım dünən heyətin Ukraynadan qayıtması və dəstəyi təsdiqləməsi idi. Ona qədər bütün beynəlxalq səviyyədə Gürcüstan hökuməti tərəfindən dəstək göstərildi. Orada uşaqlar, qadınlar, dinc sakinlər və eləcə də bizim vətəndaşlar həlak olur. Orada mübarizə aparan hərbçilərdən həlak olanların sayı doqquza çatıb və bu bizi çox narahat edir. Mən istəyirəm, özlərini fəda edən gürcü qəhrəmanlar üçün ayağa qalxaq və bir dəqiqəlik sükut elan edək.”

Bələdiyyə Məclisi iclasında gündəlikdə nəzərdə tutulmuş 6 məsələni müzakirə etdilər. Onlar arasında kəndlərdə küçələrə adların verilməsi və müəllimlərin gediş haqqı məsələsi də var idi. Deputatlar bütün məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.

"Marneuli" Radiosu
Print