Kirovkalılar kəndin adının dəyişdirilməsinə görə başladılmış prosedurların dayandırılmasını tələb edirlər
14:36 / 26.04.2022
Marneuli bələdiyyəsinin Kirovka kənd sakinləri kəndin adının
dəyişdirilməsi ilə bağlı prosedurların dayandırılmasını tələb
edirlər. Yerli sakinlər bu tələblə bağlı artıq özünüidarəyə məktub
da yazıblar.
Kirovka sakinləri Marneuli meri Kənan Ömərova, Bələdiyyə Məclisinin
sədri Amiran Qiorqadzeyə, Bələdiyyə Məclisi sədrinin müavini Rövşən
İskəndərova, Bələdiyyə Məclisinin Ərazi Planlaması və İnfrastruktur
Xidmətinin sədri Adil Əliyevə rəsmi məktubla müraciət ediblər.
Onlar kəndin köhnə adının – “Mamey”-in qaytarılmasını tələb
edirlər.
Əhaliyə texniki məsələləri həll etməkdə “Salam” platforması kömək
edir. Təşkilatın təsisçilərindən Benyamin Qasımoğlu bildirdi ki,
yerli sakinlər Kirovkadakı seçicilərin təxminən 30%-nin – 185
nəfərin imzasını toplayıblar və arxivdən Kirovkanın “Mamey” olaraq
qeyd olunduğu materiallar çıxarıblar. Qasımoğlu bildirdi ki,
onların yardımının əsas məqsədi odur ki, yerli özünüidarədə
əhalinin istəyi eşidilsin.
“Əlbəttə, Sovet İttifaqı ilə bağlı adın dəyişdirilməsi hər
bir Gürcüstan vətəndaşı üçün alqışlanan qərardır. Ancaq dəyişiklik
zamanı yerli əhalininin istəyini nəzərə almaq mütləqdir. Bilirik
ki, bu kəndin adını Mamey çağırırlar və yerli əhali də bu köhnə
adın qaytarılmasını istəyir. Arxivdə çox məlumat var. Həmçinin,
1771-ci ildə, Gürcüstanda ekspertizada olan Alman araşdırmaçı,
İohan Qulten Şteynin kitabı da var. O, öz araşdırmalarında kəndin
adını Mamey qeyd edib. Ona görə də bu kəndin tarixi adıdır.
Əhalinin istəyinin nəzərə alınması vacibdir. “Salam” platforması və
Marneulinin digər fəalları birlikdə təşkilatçılıqda kömək etməyə
çalışdıq. Bunlar ərizələrin yazılması və ya imza toplanması kimi
məsələlərdir”, – Benyamin Qasımoğlu bildirdi.
Baxmayaraq ki, Marneuli meriyasının nümayəndələri Kirovkanın adının
dəyişdirilməsi ilə bağlı əhali ilə görüşüblər və onlara iki ad,
“Göy təpə” və “Dostluq” adını təqdim ediblər, yerli sakinlərin bir
qismi kəndin köhnə adının – “Mamey”-in qaytarılmasını istəyir.
“Danışıqlar belə idi ki, Göy Təpə adlandırılsın. Kəndin
100% isə Mamey olmasını istəyir. Bizə dedilər ki, Mamey olmayacaq.
Səbəbi başa düşmədik. Biz də dedik əgər Göy Təpə olsa, azərbaycan
dilində yazılsın. Bilirik ki, kəndin adı bizimlə razılıq
nəticəsində olmalıdır. Marneulidə soruşsanız, heç kim Kirovka
demir. Biz Kirovkanın dəyişdirilməsinə qarşı deyilik. Sadəcə köhnə
adı qaytarsınlar”, – Kirovka sakini Canpolad İbadov
bildirdi.
Sovet dövründən qalmış kənd adlarının dəyişdirilməsi ilə bağlı
Bələdiyyə Məclisinin 18 aprel tarixində keçirilmiş iclasında
müzakirə aparıblar. O zaman Bələdiyyə Məclisi Aparatının rəhbəri
Nino Beridze bildirmişdi ki, meriyada yaradılmış xüsusi komissiya
adları əhali ilə birlikdə seçib. Kirovka ilə yanaşı Şaumyanın
adının dəyişdirilməsi, Yuxarı Şulaveri adlandırılması da
planlaşdırılır.
Adların dəyişdirilməsi ilə bağlı coğrafi obyektlərin adlandırılması
komissiyasından təsdiq gəldikdən sonra yerli özünüidarə qərar qəbul
edəcək. Ona qədər isə yerli özünüidarənin Kirovkanın adının
dəyişdirilməsi ilə bağlı başladılmış prosedurların dayandırılması,
yeni təşəbbüslərin növbəti mərhələlərə keçirilməsini nəzərə alıb
almayacağı məlum deyil. Cavab, güman ki, 10 gün ərzində, meriyanın
rəsmi məktuba cavab vermək müddəti başa çatdıqdan sonra
bilinəcək.