Kirovkalılar kəndin adının dəyişdirilməsinə görə başladılmış prosedurların dayandırılmasını tələb edirlər
Marneuli bələdiyyəsinin Kirovka kənd sakinləri kəndin adının dəyişdirilməsi ilə bağlı prosedurların dayandırılmasını tələb edirlər. Yerli sakinlər bu tələblə bağlı artıq özünüidarəyə məktub da yazıblar. Kirovka sakinləri Marneuli meri Kənan Ömərova, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzeyə, Bələdiyyə Məclisi sədrinin müavini Rövşən İskəndərova, Bələdiyyə Məclisinin Ərazi Planlaması və İnfrastruktur Xidmətinin sədri Adil Əliyevə rəsmi məktubla müraciət ediblər. Onlar kəndin köhnə adının – “Mamey”-in qaytarılmasını tələb edirlər.

Əhaliyə texniki məsələləri həll etməkdə “Salam” platforması kömək edir. Təşkilatın təsisçilərindən Benyamin Qasımoğlu bildirdi ki, yerli sakinlər Kirovkadakı seçicilərin təxminən 30%-nin – 185 nəfərin imzasını toplayıblar və arxivdən Kirovkanın “Mamey” olaraq qeyd olunduğu materiallar çıxarıblar. Qasımoğlu bildirdi ki, onların yardımının əsas məqsədi odur ki, yerli özünüidarədə əhalinin istəyi eşidilsin.

“Əlbəttə, Sovet İttifaqı ilə bağlı adın dəyişdirilməsi hər bir Gürcüstan vətəndaşı üçün alqışlanan qərardır. Ancaq dəyişiklik zamanı yerli əhalininin istəyini nəzərə almaq mütləqdir. Bilirik ki, bu kəndin adını Mamey çağırırlar və yerli əhali də bu köhnə adın qaytarılmasını istəyir. Arxivdə çox məlumat var. Həmçinin, 1771-ci ildə, Gürcüstanda ekspertizada olan Alman araşdırmaçı, İohan Qulten Şteynin kitabı da var. O, öz araşdırmalarında kəndin adını Mamey qeyd edib. Ona görə də bu kəndin tarixi adıdır. Əhalinin istəyinin nəzərə alınması vacibdir. “Salam” platforması və Marneulinin digər fəalları birlikdə təşkilatçılıqda kömək etməyə çalışdıq. Bunlar ərizələrin yazılması və ya imza toplanması kimi məsələlərdir”, – Benyamin Qasımoğlu bildirdi.


Baxmayaraq ki, Marneuli meriyasının nümayəndələri Kirovkanın adının dəyişdirilməsi ilə bağlı əhali ilə görüşüblər və onlara iki ad, “Göy təpə” və “Dostluq” adını təqdim ediblər, yerli sakinlərin bir qismi kəndin köhnə adının – “Mamey”-in qaytarılmasını istəyir.

“Danışıqlar belə idi ki, Göy Təpə adlandırılsın. Kəndin 100% isə Mamey olmasını istəyir. Bizə dedilər ki, Mamey olmayacaq. Səbəbi başa düşmədik. Biz də dedik əgər Göy Təpə olsa, azərbaycan dilində yazılsın. Bilirik ki, kəndin adı bizimlə razılıq nəticəsində olmalıdır. Marneulidə soruşsanız, heç kim Kirovka demir. Biz Kirovkanın dəyişdirilməsinə qarşı deyilik. Sadəcə köhnə adı qaytarsınlar”, – Kirovka sakini Canpolad İbadov bildirdi.

Sovet dövründən qalmış kənd adlarının dəyişdirilməsi ilə bağlı Bələdiyyə Məclisinin 18 aprel tarixində keçirilmiş iclasında müzakirə aparıblar. O zaman Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze bildirmişdi ki, meriyada yaradılmış xüsusi komissiya adları əhali ilə birlikdə seçib. Kirovka ilə yanaşı Şaumyanın adının dəyişdirilməsi, Yuxarı Şulaveri adlandırılması da planlaşdırılır.

Adların dəyişdirilməsi ilə bağlı coğrafi obyektlərin adlandırılması komissiyasından təsdiq gəldikdən sonra yerli özünüidarə qərar qəbul edəcək. Ona qədər isə yerli özünüidarənin Kirovkanın adının dəyişdirilməsi ilə bağlı başladılmış prosedurların dayandırılması, yeni təşəbbüslərin növbəti mərhələlərə keçirilməsini nəzərə alıb almayacağı məlum deyil. Cavab, güman ki, 10 gün ərzində, meriyanın rəsmi məktuba cavab vermək müddəti başa çatdıqdan sonra bilinəcək.

"Marneuli" Radiosu
Print