Kənan Ömərov Kirovkanın adının dəyişdirilməsi ilə bağlı təşəbbüs qrupu ilə görüşüb

28 aprel tarixində "Salam" platformasının təşkilatçılığı ilə Kirovka kənd sakinlərinin təşəbbüs qrupu Marneuli meri Kənan Ömərovla görüşüb.


Yerli sakinlər meri öz tələb və istəkləri ilə bir daha tanış ediblər. Onlar Kirovkanın köhnə adının, "Mamey"-in qaytarılmasını istəyirlər. "Salam"-ın təsisçilərindən biri, Rabil İsmayıl bildirib ki, görüşdə Kənan Ömərov əhaliyə imkan daxilində onların maraqlarının nəzərə alınacağını və proseslərə sona qədər qoşulmağı vəd edib.

"İlk növbədə, görüşün baş tutması çox mühümdür. Bu ünsiyyət üçün vacibdir. Əhali də əmin oldu ki, mer prosesə qoşulacaq. Merin mövqeyi qismən müsbətdir. Çünki o, da qeyd etdi ki, bütün mərhələlərdə yerli əhalinin istək və tələbinin nəzərə alınması üçün prosesə maksimum dərəcədə qoşulacaq", – Rabil İsmayıl bildirdi.

Qeyd olunan məsələ ilə bağlı "Marneuli" radiosu Kənan Ömərovdan müsahibə almağa çalışır. Şərh bildirilən halda material yenilənəcək.

Marneuli bələdiyyəsinin Kirovka kənd sakinləri kəndin adının dəyişdirilməsi ilə əlaqədar prosedurların dayandırılmasını tələb edir. Sakinlər bu tələblə özünüidarəyə artıq məktubla müraciət ediblər. Kirovka sakinləri Marneuli meri Kənan Ömərova, Bələdiyyə Məclisi sədri Amiran Qiorqadzeyə, Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərova və bələdiyyənin Məkan Planlaşdırması və İnfrastruktur Xidmətinin rəhbəri Adil Əliyevə rəsmi məktubla müraciət ediblər. Onlar kəndin köhnə adının, "Mamey"-in qaytarılmasını tələb edirlər.

Sovet dövründən qalmış kəndlərin adlarının dəyişdirilməsi məsələsi Bələdiyyə Məclisinin 18 aprel tarixində baş tutmuş iclasında müzakirə olunub. O zaman Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze bildirmişdi ki, meriyada yaradılmış xüsusi komissiya adları əhali ilə birlikdə seçib. Kirovka ilə yanaşı Şaumyan kəndinin adının dəyişdirilməsi də planlaşdırılır. Kənd Yuxarı Şulaveri adlandırılacaq.

Adların dəyişdirilməsi coğafi obyektlərin adlandırılması komissiyasından təsdiq gəldikdən sonra yerli özünüidarə dəqiq qərar qəbul edəcək. Ona qədər isə yerli özünüidarənin Kirovkanın adının dəyişdirilməsi ilə bağlı başladılmış prosedurların dayandırılması, yeni təşəbbüslərin növbəti mərhələlərə keçirilməsini nəzərə alıb almayacağı məlum deyil. Cavab, güman ki, 10 gün ərzində, meriyanın rəsmi məktuba cavab vermək müddəti başa çatdıqdan sonra bilinəcək.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google