42 aylıq layihə çərçivəsində Marneulidə özünüidarənin, vətəndaş cəmiyyətinin, media və biznesin gücləndirilməsi planlaşdırılır
Yerli özünüidarənin, vətəndaş cəmiyyətinin, media, kiçik və orta biznesin gücləndirilməsi məqsədi ilə Marneulidə "vətəndaş cəmiyyətinin sosial, iqtisadi və siyasi həyatda bərabər, tam iştirakı naminə" layihəsi həyata keçiriləcək.

Layihənin meneceri Qiorqi Tvaliaşvili "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, 42 ay ərzində Gürcüstanın altı bələdiyyəsində, eləcə də Marneulidə layihə çərçivəsində müxtəlif təlimlər keçiriləcək, qrant müsabiqələri elan ediləcək. Müsabiqədə mülki təşkilatlar və kiçik, orta biznes nümayəndələri iştirak edə biləcəklər.

"Vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün istiqamətlərdən biri belədir ki, müxtəlif təlimlər keçiriləcək 6 bələdiyyədən 60 iştirakçı seçiləcək. Təlimlər gender, təşviqat, büdcə məsələləri və s. mövzularda olacaq ki, mülki fəallar qrupu daha da gücləndirilsin. Bundan əlavə, hər bələdiyyədə 3-4 təşkilatın seçilməsi planlaşdırılır. Onlara təlimlər keçiriləcək. Eləcə də qrant müsabiqəsinin elan edilməsi planlaşdırılıb. Müsabiqə təşviqat məsələlərinə istiqamətlənəcək. Bu qrant müsabiqəsində hamı iştirak edə biləcək və qrant üçün dəyər 5000 avro təşkil edir. Həmin dəyər təşviqat məsələlərinə və tanıdılmaya xərclənməlidir ki, etnik azlıqların iştirakı və gender məsələlərinin qaldırılması daha çox olsun”.

Yerli özünüidarə və medianın gücləndirilməsi istiqamətində layihə çərçivəsində əsasən təlimlər, master-klass və mübadilə proqramlarının keçirilməsi planlaşdırılır. “Vətəndaş cəmiyyətinin sosial, iqtisadi və siyasi həyatda bərabər, tam iştirak naminə” layihəsinin menecerinin sözlərinə görə, mübadilə proqramının səbəbi yerli özünüidarə, media nümayəndələrinin təcrübəsinin artırılmasıdır. Onlar müxtəlif təcrübələri mübadilə edəcəklər.

Layihə çərçivəsində biznes istiqamətinfə 2000-dən 60 000 avroya qədər qrant verilməsi planlaşdırılır ki, biznesin inkişafına dəstək göstərilsin.

Layihənin təqdimatı 29 aprel tarixində, Bolnisidə muzeydə baş tutub. Təqdimatda Marneuli yerli özünüidarəsinin, vətəndaş cəmiyyəti, media, biznes nümayəndələri iştirak ediblər.

“Vətəndaş cəmiyyətinin sosial, iqtisadi və siyasi həyatda bərabər, tam iştirak naminə” layihəsi Avropa İttfaqının maliyyə dəstəyi ilə Gürcüstanın 2 regionunun 6 bələdiyyəsində həyata keçiriləcək. Layihədə Samtsxe-Caxavetidən 3 bələdiyyə - Axaltsixe, Axalkalaki və Ninotsminda iştirak edəcək. Kvemo Kartlidən isə Marneuli, Bolnisi və Dmanisi qoşulacaq.

Layihə 2022-ci ilin yanvarında başlayıb, 2025-ci ilin iyun ayına qədər davam etdiriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google