DİN Marneulidə yetkinlik yaşına çatmamış şəxsin evliliyə məcbur edilməsi faktı ilə bağlı istintaqa başlayıb
Gürcüstan Daxili İşlər Nazirliyi Marneulidə yetkinlik yaşına çatmamış qızın nişanlandırılması faktı ilə bağlı isintaqa başlayıb. Qurumdan “Marneuli” radiosuna verilən məlumata görə, isintaq məcburi evləndirmə faktı ilə əlaqədar aparılır.

Yetkinlik yaşına çatmamış qızın nişanlandırılması faktını Xalq Müdafiəçisi Aparatı artıq araşdırır. 15 yaşlı qızla psixoloq da işləyəcək. Marneuli Zorakılıq Qurbanlarına Xidmət Böhran Mərkəzinin rəhbəri Eka Bedianaşvilinin “Marneuli” radiosuna bildirdiyinə görə, qəyyumluq və qayğı göstərmə orqanının sosial işçiləri fakt yayıldıqdan sonra təcili surətdə iş prosesinə qoşuldular.

“Söhbət məcburi şəkildə nişanlandırılmadan gedir. Sonra aydın oldu ki, bu uşaq məcbur edildiyini təsdiqləmir. Böhran Mərkəzinin xidmətinə gəldikdə isə, qeyd edim ki, Sosial Xidmət Agentliyinin Qəyyumluq və Qayğı Göstərmə Orqanının nümayəndələri bizə müraciət edəcəklər. Bundan sonra bizim əməkdaşlar, psixoloq prosesə qoşulacaq. Mənə deyilənə görə, Qəyyumluq və Qayğı Göstərmə Orqanından yaxın zamanda bizə müraciət edəcəklər. Ola bilsin, bu gün də məktub göndərsinlər, onların müraciətindən sonra psixoloq qızla işləyəcək”.

Marneuli şəhərində 15 yaşlı qızın nişanlandırılması barədə məlumatı “Marneuli” radiosuna gizli mənbədən vermişdilər. 27 aprel tarixində ailənin yaxını gizliliyinin qorunması şərti ilə “Marneuli” radiosuna bildirmişdi ki, yeniyetməni özündən təqribən 10 yaş böyük kişiyə nişanlayıblar. Ailənin yaxını bildirmişdi ki, yeniyetməni atalığı artıq ikinci dəfədir ki, məcburi şəkildə nişanlayıb. Yetkinlik yaşına çatmamış şəxsin birinci dəfə evləndirilməyə cəhd edilməsi zamanı atalığa mane olublar. İkinci dəfə isə nişan gizli keçirilib ki, məsələni qonşu və qohumlardan gizləsinlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google