Gürcüstanda tez korlanan məhsulların daşınması üçün “Yaşıl dəhliz” rejimi tətbiq olunacaq
Gürcüstan hökuməti ölkə ərazisində beynəlxalq daşınmalarla bağlı yeni qaydalar tətbiq etməyə başlayıb.

Bununla bağlı jurnalistlərə Gürcüstanın Distribyuterlər Assosiasiyasının prezidenti İva Çkoniya məlumat verib.

Bildirib ki, yeni qaydalara görə, tez korlanan məhsulların daşınmasına üçün “Yaşıl dəhliz” tətbiq olunacaq.

Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən tez korlanan məhsulları daşıyan sürücülər Gürcüstanın patrul polisinin nümayəndəsinə daşıdıqları məhsulun xarakterinə dair sənəd təqdim etməlidir. Bu halda polis onları Rusiya ilə sərhədə maneəsiz və tez bir zamanda çatmasına yardım edəcək.

Onun sözlərinə görə, Gürcüstan nəqliyyat dəhlizi rolunu oynayır. Lakin Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə səbəbindən Gürcüstan Rusiya sərhəd-keçid məntəqəsində müəyyən problemlər yaranıb. Bu məntəqədə hazırda 3 min avtomobil növbə gözləyir.

Təəssüf ki, bu cür acınacaqlı vəziyyət digər ölkələrlə sərhəd keçid məntəqələrində də var. Lakin ən çox ləngimə Lars sərhəd-keçid məntəqəsindədir. Gürcüstanın digər sərhəd-keçid məntəqələrində gündəlik 600 avtomobil buraxılırsa, Lars məntəqəsində bu rəqəm 300-ə yaxındır.

“Bu günlərdə kənd təsərrüfatı məhsullarının istehsalının artımını, onların da sırasında tez korlanan məhsulların üstünlük təşkil etməsini nəzərə alsaq, bu qayda çox mühüm əhəmiyyət kəsb edəcək”, – deyə İ.Çkoniya vurğulayıb.

Mənbə: azertac.az
Print