Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə
səmimi təbriklərimi çatdırıram.
1918-ci il ölkələrimiz üçün xüsusi tarixdir. Belə ki, 104 il əvvəl
Gürcüstan və Azərbaycan eyni vaxtda müstəqillik əldə edərək, öz
qarşılarına güclü və azad dövlət qurmaq məqsədi qoydular. Bu
fürsətdən istifadə edərək, Azərbaycanın Gürcüstanın suverenliyinə
və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə bir daha
minnətdarlığımı bildirirəm.
Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Gürcüstan və Azərbaycanı
tarixi dostluq, mehriban qonşuluq münasibətləri, eləcə də sıx
strateji tərəfdaşlıq birləşdirir. Ölkələrimiz arasında dostluq və
tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz böyük
töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, birgə
səylərimizlə əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracaq,
həmçinin regionda sabitliyin, sülhün və təhlükəsizliyin
möhkəmləndirilməsi üçün bundan sonra da bir çox səmərəli addımlar
atacağıq.
Zati-aliləri, bir daha Sizə dərin ehtiramımı çatdırır,
fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh,
firavanlıq və tərəqqi diləyirəm".
Mənbə: report.az