Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti
İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Gürcüstan
xalqı adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik
edirəm. Sizə, Azərbaycan Respublikasına və onun xalqına rifah,
uğurlar və uzun ömür arzulayıram.
Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra bir çox
çətinlikləri dəf edərək, uğurlu dövlət qurdu. Bu gün Azərbaycan
Respublikası dünya birliyində ən layiqli yerlərdən birini
tutmaqdadır.
Vurğulamaq istərdim ki, Gürcüstan ölkələrimiz arasında əsrlər boyu
formalaşan nümunəvi dostluq əlaqələrinə və strateji tərəfdaşlığa
çox böyük əhəmiyyət verir.
Bu əlamətdar gündə Gürcüstan ilə Azərbaycan Respublikası arasında
mövcud olan sıx əməkdaşlığın daha da dərinləşməsinə töhfələr
verməyə hazır olduğumu bir daha bildirirəm. Əminəm ki, birgə
səylərimizlə, regionda sabitliyin möhkəmlənməsi və iqtisadi
tərəqqinin təmin olunması üçün bundan sonra da bir çox səmərəli
addımlar atacağıq.
Zati-aliləri, fürsətdən istifadə edərək, bir daha Sizə dərin
ehtiramımı ifadə edir, Sizə və qardaş Azərbaycan xalqına
cansağlığı, sülh, əmin-amanlıq, rifah diləyirəm".
Mənbə: report.az