Tbilisidə Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib, tanınmış gürcü xadimlər təltif edilib
Tbilisi Dövlət İncəsənət Akademiyasında (TDİA) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Öncə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin ölməz əsərlərinə həsr olunan miniatürlərdən ibarət sərgiyə baxış keçirilib.

Akademiyanın rektoru Giorgi Ququşvili çıxışında deyib ki, Nizami Gəncəvi bütün dünyada olduğu kimi, Gürcüstanda da dahi şəxsiyyət kimi tanınır. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin böyük tarixi var və bu gün iki ölkəni bütün sahələr üzrə sıx əməkdaşlıq birləşdirir.

Daha sonra çıxış edən F.Quliyev TDİA-nın 100 illiyinin qed edildiyi dövrdə Azərbaycanın dahi mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirə ev sahibliyi etməsini əlamətdar hadisə adlandırıb. O, ötən il Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə "Nizami Gəncəvi ili"nin elan olunduğunu xatırladıb. Diplomat qeyd edib ki, il başa çatsa da, dahi şairin zəngin yaradıcılığı hər il Azərbaycanla yanaşı, ölkə hüdudlarından kənarda da təbliğ olunur. F.Quliyev bildirib ki, N.Gəncəviyə Gürcüstanda böyük hörmət bəslənilir, onun bir sıra əsərləri gürcü dilinə tərcümə edilib. Diplomat qeyd edib ki, Azərbaycan və Gürcüstanın iki böyük ədibi - Nizami Gəncəvi və Şota Rustaveliyə həsr olunan elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulub.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva çıxışında xatıladıb ki, ötən ilin iyulunda Tbilisidə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun da iştirak etdiyi Nizami Gəncəviyə həsr olunan ilk tədbir baş tutub. O qeyd edib ki, son illərdə Azərbaycan-Gürcüstan mədəni əlaqələri intensivləşib və Gürcüstanda Azərbaycan mədəniyyətinin dostlarının sayı durmadan artır. L.Əliyeva muzeyin bu əlaqələrin daha da güclənməsinə bundan sonra da töhfə verməyə hazırlığını ifadə edib.

Tədbirdə “Muğam” televiziya müsabiqəsinin qalibi Zümrüd Məmmədova "Sevgili canan" mahnısını ifa edib. Gənc xanəndəni pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət edib. İfaçı tarda Səfər Səmədov, kamançada isə Elmar Ələkbərlinin müşayiəti ilə "Qarabağ şikəstəsi" və "Çırpınırdı Qara dəniz" mahnısını da təqdim edib.

S.Məmmədəliyeva çıxışında deyib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər qədim tarixi köklərə malikdir, iki xalq tarixən mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıb. O qeyd edib ki, bu gün qarşılıqlı əlaqələr hər iki ölkə rəhbərinin diqqət və himayəsi sayəsində inkişaf edir. Nazir müavini tədbirin Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunduğunu qeyd edib. Onun sözlərinə görə, N.Gəncəvi dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətdir, dünya mədəniyyəti xəzinəsinə misilsiz incilər bəxş edib. S.Məmmədəliyeva qeyd edib ki, dahi Nizaminin poeziya ənənələrini bir çox ölkələrin şairləri uğurla davam etdirib, böyük gürcü ədib Şota Rustaveli də onun yaradıcılığından bəhrələnib.

Sonda tanınmış gürcü aktyor və müğənni Vaxtanq Kikabidze, Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, keçmiş mədəniyyət naziri Valeri Asetiani də daxil olmaqla Gürüstanın bir qrup mədəniyyət xadiminə "Nizami Gəncəvi-880" xatirə medalı təqdim olunub. V.Kikabidze və digər mükafatçılar Azərbaycan tərəfindən verilən yüksək dəyərdən şərəf duyduqlarını bildirərək Azərbaycanın Mədəniyyət Nazirliyi və Gürcüstandakı səfirliyinə təşəkkürlərini bildiriblər.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google