Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə vida görüşü keçirib
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla vida görüşü keçirib.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatlarda uğurla inkişaf edən mövcud münasibətlərin artan dinamikasından məmnunluq ifadə ediblər.

Görüşdə ikitərəfli gündəlikdə duran aktual məsələlər və münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub. Sahələrarası əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi və yüksək səviyyədə qarşılıqlı səfərlərin mübadiləsinin əhəmiyyəti də vurğulanıb.

Regiondakı vəziyyəti də nəzərdən keçirən tərəflər bölgənin gələcək inkişafı üçün sülh və sabitliyin önəmini qeyd ediblər.

XİN başçısı səfirə Gürcüstan-Türkiyə münasibətlərinin inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar diləyib.

Qeyd edək ki, F.C.Yazqan 2017-ci ildən Türkiyənin Gürcüstandakı səfiri olub. Onun yerinə bu ilin aprelində Ali Kaan Orbay təyinat alıb.

Mənbə: report.az
Print