Tbilisidə Qadınların Beynəlxalq Konfransı keçirilir
Gürcüstanın paytaxtı Tbilisidə Qadınların Beynəlxalq Konfransı işə başlayıb.

Tədbir Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşəbbüsü və Administrasiyasının təşkilatçılığı ilə “Expo Georgia” mərkəzində keçirilir.

Konfransda ali rəsmi qonaqlardan ATƏT Parlament Assambleyasının sədri Marqarita Kaderfelt, Polşa Seyminin vitse-marşalı Malqojata Qosevska, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid, ATƏT-in Baş katibi Helqa Şmid, BMT Baş katibinin müavini Amina Məhəmməd iştirak edir. Tədbirə Yunanıstan Prezidenti Katerina Sakellaropulu və Moldova Prezidenti Maya Sandunun da qatılacağı gözlənilir.

Dünyanın bir sıra ölkələrindən olan və müxtəlif sahələri təmsil edən qadın liderlərin iştirak etdiyi konfransın əsas mövzusu münaqişələr, sülh və sabitlikdir.

İştirakçılar münaqişələrdə qadınlar, qaçqın böhranı, gender əsaslı zorakılıq, mədəniyyətlərin dialoqu, postmünaqişə dövründə, mədəni irsin qorunmasında qadınların rolu və digər mövzularda panel müzakirələri aparacaqlar.

Beynəlxalq konfrans öz işini bu gün başa çatdıracaq.

Mənbə: report.az
Print