Hindistan səfiri islam dininin təhqiri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
İyunun 9-da Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna
ölkəsində islam dininin təhqiri ilə bağlı Azərbaycan Xarici İşlər
Nazirliyinə çağırılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin məlumatında
deyilir.
Səbəb Hindistanın hakim partiyası rəsmilərinin islam dini və
Məhəmməd Peyğəmbərin əleyhinə təhqiramiz ifadələr işlətməsi olub.
Nazirlikdə belə münasibətin qəbuledilməz olduğu bildirilib.
Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya
müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın
bu davranışı qınaması Hindistan səfirinin diqqətinə çatdırılıb.
Belə halların müxtəlif dinlərdən olan insanların sülh şəraitində
birgə yaşayışına xələl gətirdiyi vurğulanıb.
Qeyd olunub ki, sözügedən rəsmilərə qarşı Hindistan hökuməti
tərəfindən sərt tədbirlərin görülməsi gözlənilir.