Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından
biri, o cümlədən Azərbaycanın ilk baş naziri kimi tarixə düşən
Fətəli Xan Xoyskinin xatirəsi anılıb.
Görkəmli dövlət və siyasi xadimin Nəbatat bağındakı görkəmli
azərbaycanlıların panteonundakı məzarı qətlinin 102-ci ildönümü
günündə ziyarət olunub.
Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və
səfirlik əməkdaşları iştirak ediblər. F.Xoyski ilə yanaşı, AXC
parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev, Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələri Mirzə Şəfi Vazeh, Mirzə Fətəli
Axundzadə və onun ailə üzvlərinin də məzarları önünə gül dəstələri
düzülüb.
F.Quliyev jurnalistlərə açıqlamasında deyib ki, AXC banilərinin
əziz xatirələri hər zaman böyük hörmət və ehtiramla anılır:
“SOCAR şirkətinin Gürcüstan nümayəndəliyi tərəfindən
2012-ci ildən panteon xüsusi nəzarətə götürülüb. Məkanın mühafizəsi
və təmizliyinə nəzarət üçün bir bağban-nəzarətçi ayrılıb. Panteonda
səliqə-sahman işlərinin aparılmasını nəzarətdə saxladığına görə
SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyinə minnətdarlığımı
bildirirəm”.
Səfir qeyd edib ki, ötən ilin fevralında Tbilisi meri Kaxa Kaladze
ilə keçirdiyi görüşdə Botanika bağı ərazisində panteona aparan
yolda göstərici nişanların quraşdırılması ilə bağlı müraciət təqdim
olunub:
“Müraciətimiz əsasında ötən ilin iyun ayında
Botanika bağında üç yerdə məlumatlandırıcı-göstərici nişanların
dirəklərinə panteona istiqamət göstərən lövhələr əlavə edilib.
Lövhələrin quraşdırılması ilə ziyarətçilərin panteonun yerləşdiyi
məkanın istiqamətini müəyyən etməsi asanlaşıb”.
Diplomat həmçinin bildirib ki, panteon ərazisində səfirliyin
təşəbbüsü ilə AXC qurucularının məzarları yaxınlığında lövhənin
quraşdırılması planlaşdırılır:
“Lövhə üzərində F.Xoyski
və H.Ağayev barədə bioqrafik məlumatlar əks etdiriləcək. Bu
layihənin qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Məqsəd panteona baş çəkən həm yerli, həm də xarici ziyarətçilərin
Azərbaycanın iki görkəmli dövlət xadimi barədə ətraflı
məlumatlandırmaqdır”.
Xatırladaq ki, F.Xoyski 1918-1920-ci illərdə AXC-nin ədliyyə,
daxili işlər naziri, Nazirlər Şurasının sədri və xarici işlər
naziri olub. O, AXC-nin süqutu və sovet hakimiyyətinin
qurulmasından sonra Tbilisiyə mühacirət edib. 1920-ci ilin iyunun
19-da Tbilisinin Qolovin prospektində (indiki Şota Rustaveli
prospekti) “Daşnaksütyun” partiyasının üzvləri Aram Erkanyan və
Misak Qriqoryan tərəfindən arxadan güllə ilə vurularaq qətlə
yetirilib.
H.Ağayev isə bir ay sonra - həmin ilin iyulun 19-da Tbilisidə
muzdlu erməni terrorçu tərəfindən qətlə yetirilib.
Mənbə: report.az