Tbilisidə Bülbülün xatirəsi yad edilib
Bu gün, 22 iyun tarixində Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün anadan olmasından 125 il ötür.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə böyük sənətkarın Tbilisidəki büstü ziyarət olunub.

Diplomatik nümayəndəliyin əməkdaşları Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva ilə birgə Bülbülün xatirəsini ehtiramla anaraq abidəsi önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, 2015-ci ilin fevralında M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin qarşısında açılan büstün müəllifi görkəmli gürcü heykəltaraşı Qiorqi Caparidzedir. Azərbaycanın Mədəniyyət Nazirliyi bu yaxınlarda onu “Nizami Gəncəvi - 880” xatirə medalı ilə təltif edib.

Xatırladaq ki, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov)1897-ci il iyunun 22-də Şuşa şəhərində anadan olub. Xalq mahnıları və romansların (“Sənsiz”, “Sevgili canan” - Ü.Hacıbəyli, “Ölkəm” - A.Zeynallı və s.), operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı kimi şöhrət qazanıb. 1931-ci ildə Milan Konservatoriyasını bitirən sənətkar Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. O, həmçinin xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb. 1961-ci ilin 26 sentyabr tarixində vəfat edib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google