Marneuli meriyasının balansında olan şirkətlərdə 45 nəfər aztəminatlı işlə təmin olunub
Marneulidə aztəminatlı şəxslərin işlə təmin edilməsi proqramına 45 nəfər qoşulub. Meriyanın balansında olan "Kənd Suları" MMC-də 9, "Təmiz Marneuli"-də isə 36 aztəminatlı işlə təmin olunub. İndiki mərhələdə mövcud olan statistika barədə meriyanın İnzibati Xidmətinin rəhbəri Nino Dekanoidze "Marneuli" radiosuna məlumat verdi. O, qeyd etdi ki, göstəricilər gündəlik dəyişir. Hazırda bələdiyyə miqyasında aztəminatlı şəxslər üçün daha 45 vakant yer var.

"Biz Uşaq Bağçaları Birliyindən də vakant yerlər əlavə etməyi planlaşdırırıq. Bununla bağlı işlər aparılır və sentyabrdan qüvvəyə minəcək. İşlə təmin edilənlərin sayı hər gün dəyişir. Ola bilsin, bu gün də kiminləsə müqavilə bağlansın və 45 əvəzinə 43 olsun. Üç gün əvvəl bütün vəzifələri yüklədik və mövcud göstəricilər 45 idi", – Nino Dekanoidze bildirdi. Benefisiarlar Marneulinin iki xidmətində, "Kənd Suları" MMC və "Təmiz Marneuli” MMC-də işlə təmin oluna bilərlər. "Təmiz Marneuli" MMC-nin rəhbəri Leri Mumladze bildirdi ki, istəyi olanları əsasən dekorator, bağban və süpürgəçi kimi işlə təmin edirlər.

Benefisiarlar aztəminatlıların işlə təmin edilmə proqramına qoşulmaq üçün Sosial Xidmət Agentliyinə müraciət edə bilərlər. Məlumatlar yoxlandıqdan sonra isə onlar yerli özünüidarəyə getməli olurlar.

Proqramın benefisiarları yaşı 18 və daha artıq olan, işləmək qabiliyyətinə malik, ailə reytinq balı 120 000-dən artıq olmayan və sosial yardım alanlardır.

Gürcüstan Ərazilərindən Qaçqın, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin veb-səhifəsində yayımlanmış məlumata görə, iş saatına əsasən ictimai işlərə qoşulmuş benefisiarlar sosial yardımla birlikdə əlavə maddi gəlir də əldə edəcəklər. Həmin gəlir 300 lari təşkil edir. İctimai işlərin həyata keçirilməsi üçün verilmiş pul vergi tutulmayan sosial dəyərdir.

İşlə təmin etmə proqramına qoşulmuş şəxsin 4 il ərzində aztəminatlı statusu, onunla birlikdə nəzərdə tutulan maddi və qeyri-maddi gəlirləri zəmanətlə saxlanılacaq. Qeyd olunan dövr ərzində sosial-iqtisadi status yoxlanılmayacaq.

İctimai işlərə qoşulmaq əvəzində benefisiar əmək bazarındakı başqa vakansiyalarda da işlə təmin oluna bilərlər. Aztəminatlı şəxs qeyri-rəsmi işlə təmin olunsa da, işlə təmin etmə proqramına qoşulacaq. Qeyd olunan hallarda aztəminatlı şəxs statusu yoxlanılmır.

Əgər aztəminatlı şəxs işləmək istəmirsə, onun sosial-iqtisadi vəziyyət statusunu müəyyən etmək hər il yoxlama nəticələri əsasında olacaq. Ancaq qəbul edilmiş qərarı hər zaman dəyişmək mümkün olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google