Marneulidə aztəminatlı şəxslərin işlə təmin edilməsi proqramına 45
nəfər qoşulub. Meriyanın balansında olan "Kənd Suları" MMC-də 9,
"Təmiz Marneuli"-də isə 36 aztəminatlı işlə təmin olunub.
İndiki mərhələdə mövcud olan statistika barədə meriyanın İnzibati
Xidmətinin rəhbəri Nino Dekanoidze "Marneuli" radiosuna məlumat
verdi. O, qeyd etdi ki, göstəricilər gündəlik dəyişir. Hazırda
bələdiyyə miqyasında aztəminatlı şəxslər üçün daha 45 vakant yer
var.
"Biz Uşaq Bağçaları Birliyindən də vakant yerlər əlavə
etməyi planlaşdırırıq. Bununla bağlı işlər aparılır və sentyabrdan
qüvvəyə minəcək. İşlə təmin edilənlərin sayı hər gün dəyişir. Ola
bilsin, bu gün də kiminləsə müqavilə bağlansın və 45 əvəzinə 43
olsun. Üç gün əvvəl bütün vəzifələri yüklədik və mövcud
göstəricilər 45 idi", – Nino Dekanoidze bildirdi.
Benefisiarlar Marneulinin iki xidmətində, "Kənd Suları" MMC və
"Təmiz Marneuli” MMC-də işlə təmin oluna bilərlər. "Təmiz Marneuli"
MMC-nin rəhbəri Leri Mumladze bildirdi ki, istəyi olanları əsasən
dekorator, bağban və süpürgəçi kimi işlə təmin edirlər.
Benefisiarlar aztəminatlıların işlə təmin edilmə proqramına
qoşulmaq üçün Sosial Xidmət Agentliyinə müraciət edə bilərlər.
Məlumatlar yoxlandıqdan sonra isə onlar yerli özünüidarəyə getməli
olurlar.
Proqramın benefisiarları yaşı 18 və daha artıq olan, işləmək
qabiliyyətinə malik, ailə reytinq balı 120 000-dən artıq olmayan və
sosial yardım alanlardır.
Gürcüstan Ərazilərindən Qaçqın, Əmək, Səhiyyə və Sosial Müdafiə
Nazirliyinin veb-səhifəsində yayımlanmış məlumata görə, iş saatına
əsasən ictimai işlərə qoşulmuş benefisiarlar sosial yardımla
birlikdə əlavə maddi gəlir də əldə edəcəklər. Həmin gəlir 300 lari
təşkil edir. İctimai işlərin həyata keçirilməsi üçün verilmiş pul
vergi tutulmayan sosial dəyərdir.
İşlə təmin etmə proqramına qoşulmuş şəxsin 4 il ərzində aztəminatlı
statusu, onunla birlikdə nəzərdə tutulan maddi və qeyri-maddi
gəlirləri zəmanətlə saxlanılacaq. Qeyd olunan dövr ərzində
sosial-iqtisadi status yoxlanılmayacaq.
İctimai işlərə qoşulmaq əvəzində benefisiar əmək bazarındakı başqa
vakansiyalarda da işlə təmin oluna bilərlər. Aztəminatlı şəxs
qeyri-rəsmi işlə təmin olunsa da, işlə təmin etmə proqramına
qoşulacaq. Qeyd olunan hallarda aztəminatlı şəxs statusu
yoxlanılmır.
Əgər aztəminatlı şəxs işləmək istəmirsə, onun sosial-iqtisadi
vəziyyət statusunu müəyyən etmək hər il yoxlama nəticələri əsasında
olacaq. Ancaq qəbul edilmiş qərarı hər zaman dəyişmək mümkün
olacaq.