Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova
bildirir ki, onun qoşulduğu Prokurorluğun xüsusi müdafiə tədbiri
yaxın günlərdə başa çatacaq.
Onu öldürməklə hədələyən şəxslər isə hələ də saxlanılmayıblar.
“Məndə olan, bu günlərdə aldığım son məlumata görə,
istintaq əvvəl hansı mərhələdə idisə, indi də elədir. Bu
istiqamətdə heç bir yenilik yoxdur. Bu çox təəssüfedicidir. Yaxın
günlərdə mənim fərdi müdafiə proqramım başa çatacaq və əvvəl də
qeyd etdiyim kimi bu proqramda qalmağı düşünmürəm və xüsusi müdafiə
tədbirini davam etdirməyəcəyəm. Ona görə yox ki, pis proqramdır,
ona görə ki, başdan da mənim məqsədim idi və ümid edirdim ki, DİN
istintaqa başlayacaqdı, effektiv araşdırma aparacaqdılar. Həmin
günlərdə isə mən müdafiədə olacaqdım. Bu proqramda, hər iki tərəfin
razılığı ilə əlbəttə, elə şərtlər var idi ki, azadlığımı
məhdudlaşdırırdı, əhali sıxlığı olan yerlərə getməməli, müxtəlif
prosesləri davam etdirməməliydim”.
Samirə Bayramovanın sözlərinə görə, Daxili İşlər Nazirliyi
“Alt-İnfo” kimi Rusiyayönümlü və zorakı qrupları dəstəkləyir. O,
bildirir ki, hakimiyyətin bu qruplara qarşı iş açmaq imkanı var,
amma onlar bu berketdən istifadə etmirlər.
“Biz bu qrupların haradan maliyyələşdiyini çox yaxşı
bilirik və əgər hökumət həqiqətən də Avropa İttifaqının üzvü
olmağımızı istəyirsə Rusiyayönümlü/zorakı qruplara qarşı müəyyən
ölçülər götürməlidir. Biz yaxşı bilirik ki, bu adamlar qərb
dəyərlərinə qarşıdırlar, onlar Gürcüstanın Avropa İttifaqına üzv
olmasını istəmirlər və Rusiyaya yaxınlaşmasını
istəyirlər”.
Marneulili mülki fəalın sözlərinə görə, son günlərdə Gürcüstanda
baş vermiş hadisələr bir daha göstərdi ki, gürcü xalqı Avropanı nə
dərəcədə dəstəkləyir. Zorakı və Rusiyayönlü qruplaşmalar isə
çalışırlar ki, Gürcüstanda fərqli vəziyyət yaratsınlar və
göstərsinlər ki, guya Gürcüstan Avropa İttifaqına daxil olmağa
layiq deyil.
“Bu qrupların fəallaşdırılması hər bir kəs üçün
təhlükədir. Çünki onlar əhalini hədələyir və ultimatum göndərirlər.
Onlar Gürcüstanda yaşayan bütün xalqlar, dini, etnik və ya cinsi
azlıqlar üçün təhlükədirlər. Onlar Gürcüstan Konstitutisyası və
beynəlxalq müqavilələrdə götürülmüş öhdəliklərə mane olan
qruplardırlar. Bu isə çox böyük problemdir”, – Samirə
Bayramova bildirdi.
Samirə Bayramova 15 mart tarixində “Alt-İnfonun” dəstəkçilərindən
birinin onu öldürməklə bağlı hədə məzmununda mesaj göndərməsindən
sonra polisə müraciət edib.
Samirə Bayramova “Alt-infonun” təsis etdiyi “Konservativ hərəkat”
partiyasının Marneulidəki ofisinin divarını boyadıqdan sonra,
sosial şəbəkədə mülki fəala qarşı hədələmə və təhqiredici şərhlər
edilir. Samirə Bayramovaya bir neçə nəfər hədə-qorxu məzmunlu mesaj
da göndərib.
Gürcüstan Daxili İşlər Nazirliyi Samirə Bayramovaya qarşı həyata
keçirilmiş hədələmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 151-ci
maddəsi ilə istintaqa başlayıb. Həmin maddə ölümlə, yaxud
sağlamlığa zərər vurmaqla hədələməni nəzərdə tutur.