Binanın eyvanının uçması nəticəsində xəsarət almış üç uşağın vəziyyəti necədir
Marneuli şəhərində, Nərimanov küçəsində eyvanların uçması nəticəsində iki qadın dünyasını dəyişib. Onlardan biri hamilə olub. İki azyaşlı isə tibb müəssisəsində müalicə alır. Həkimlər dünyasını dəyişmiş hamilə qadının körpəsini xilas edə biliblər. Körpə Tbilisidə, reanimasiya şöbəsindədir. Marneuli “Aversi” klinikasından bildirirlər ki, 26 yaşlı hamilə qadın xəstəxanaya aparılan zaman nəfəsi dayanıbmış.

“İki xəstə gətirdilər. Biri hamilə və ağır vəziyyətdə idi. Digəri isə 7 yaşlı uşaq idi. Azyaşlı yüngül xəsarət almışdı, onun vəziyyəti stabildir, bizdə müalicə alır. Hamilə qadın isə faktiki olaraq ölmüşdü. Buna baxmayaraq, yenə də reanimasiya tədbirləri aparıldı. Gətirildikdən 4 dəqiqə sonra qeysəriyyə əməliyyatı etdik. Körpə doğulduqdan sonra ürək döyüntüsü dayandı. Amma sonra bərpa olundu. Uşaq üçüncü səviyyəli yeni doğulmuş uşaqlar üçün reanimasiya şöbəsinə, Tbilisiyə aparılıb. Cəhdlərimizə baxmayaraq, qadını xilas etmək mümkün olmadı”, – Aversidən bildirdilər.

Hadisə baş verdikdən sonra xəsarət alanlardan birini – 8 yaşlı uşağı ağır vəziyyətdə Marneuli “Geo Hospitals” klinikasına aparıblar. Klinikadan bildirdilər ki, uşaq bud nahiyəsindən ağır xəsarət alıbmış. Ona ilkin tibbi yardım göstərilib və Tbilisiyə, “Amtel Hospitalsa” yerləşdirilib.

“Xəstəni stabil vəziyyətdə yola saldıq. Doğrudur, uşaq süni tənəffüs aparatına qoşulmuşdu, amma vəziyyəti stabil idi. Gətirilən zaman çox sayda xəsarət qeydə alınırdı, xüsusilə bud nahiyəsində vəziyyət ağır idi. Sınıq və çox böyük yara var idi. Yaxşı ki, qan damarlarına ziyan dəyməmişdi, yoxsa xəstə çox qan itirərdi, xəstəxanaya da çatdıra bilməzdilər”, – klinikadan bildirdilər.

26 iyun tarixində, axşam saatlarında Marneulinin Nərimanov küçəsi 1 ünvanında beşinci mərtəbənin eyvanı uçub. Beşinci mərtəbənin eyvanı uçaraq dördüncü mərtəbənin eyvanının da uçmasına səbəb olub. Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə tikinti və ya başqa işlər zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google