Gürcüstanın Konstitusiya Məhkəməsi “Gürcüstan hökuməti Gürcüstan
Prezidentinə qarşı” iddiasına baxacaq.
Konstitusiya iddiasına məhkəmənin Plenumunda baxılması məqsədəuyğun
hesab edilib.
Məhkəmənin qərarında bildirilib ki, Gürcüstan hökuməti iyunun 10-da
konstitusiya şikayəti təqdim edib. İddiada səfirlərin və diplomatik
missiyaların rəhbərlərinin təyinatı və vəzifədən azad edilməsi ilə
bağlı hökumət və Gürcüstan Prezidenti arasında səlahiyyətlərin
bölünməsi tələb olunur.
Gürcüstan hökuməti bildirib ki, Konstitusiya Gürcüstan Prezidentinə
ölkənin daxili və ya xarici siyasətinin həyata keçirilməsində
iştirak etmək səlahiyyətini vermir. Bu müstəsna səlahiyyət
Gürcüstan hökumətinə məxsusdur.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinə müraciətin səbəbi
prezidentin hökumətin təqdimatı ilə bir sıra ölkələrə səfir
təyinatından imtina etməsi olub. Gürcüstanın Prezident
Administrasiyasından iddiaya cavab olaraq isə bildirilib ki,
2021-ci ilin yanvarın 1-dən 2022-ci ilin martın 21-dək olan dövrdə
hökumət səfir və diplomatik missiya rəhbərləri vəzifəsinə 12
namizəd təqdim edib və dövlət başçısı onların hamısının təyinatı
haqqında fərman imzalayıb.
Mənbə: report.az