Gürcüstanı kiminsə müharibəyə cəlb etmək istəməsi haqqında yayılanlar FSB-nin dezinformasiyadır - Deqnan
ABŞ səfiri Kelli Deqnanın sözlərinə görə, Rusiya FSB-si yanlış məlumat verir ki, guya kimsə Gürcüstanı müharibəyə cəlb etmək istəyir. O, bu barədə bu gün, iyunun 30-da jurnalistlərə bildirib. FSB Sovet DTK-nın oxşarı olan Rusiya Federal Təhlükəsizlik Xidmətidir.

Deqnan bildirib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanın Ukraynadakı genişmiqyaslı müharibəsinin mümkün qədər tez bitməsini istəyir.

Deqnan bu dezinformasiya barədə NATO-nun Madrid sammitini dəyərləndirərkən danışıb.

“Gürcüstan NATO üçün güclü tərəfdaşdır və bunu Madrid sammitinə Gürcüstandan göndərilən böyük nümayəndə heyəti yaxşı nümayiş etdirdi. Bu sammit Alyansın birliyinin daha bir nümayişidir, xüsusən də Rusiyanın Ukraynaya qarşı amansız və əsassız təcavüzü fonunda. Madrid Sammitində NATO-nun Avropa regionunda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək məqsədi daşıyan müdafiə təşkilatı olduğu bir daha təsdiqləndi.

Bu, Gürcüstan üçün Avro-Atlantik inteqrasiya üçün atılması lazım olan addımlara və islahatlara yenidən baxmaq üçün yaxşı fürsət idi. Bir çox islahatlar Aİ-yə namizəd statusu üçün tələblərə cavab verir. Beləliklə, Aİ-yə namizəd statusu almaq üçün lazım olan islahatların aparılması Gürcüstana NATO-ya inteqrasiya yolunda kömək edəcək. NATO hərbi və siyasi alyansdır və ona görə də təkcə hərbi hazırlıq deyil, həm də siyasi məsələlər çox vacibdir. Biz, ABŞ olaraq Gürcüstana bu məsələdə irəliləyiş əldə etmək üçün yardım etməyə davam etməyə hazırıq”,
- deyə Deqnan bildirib.

ABŞ səfirinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı son 30 ildə Gürcüstanı dəstəklədiyi halda, Gürcüstan ərazisinin 20%-ni işğal edən Rusiyadır.

“Müdafiə məsələsindən danışdığımız üçün mən bir daha Gürcüstanı Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyən kimi davam edən məkrli povestə toxunmaq istərdim. Bu, FSB təlimatından çıxarılan dezinformasiyadır. Mən açıq şəkildə bildirmək istəyirəm ki, ABŞ Gürcüstanı Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə cəlb etmək istəmir. ABŞ bu müharibəni heç bir istiqamətdə genişləndirmək istəmir. ABŞ müharibəni mümkün qədər tez bitirmək üçün əlindən gələni edir. Bu müharibəni Putin başlayıb və o, bitirə bilər.

ABŞ və Avropa İttifaqı son 30 ildə Gürcüstanı xüsusilə Avro-Atlantik arzularda irəliləyiş baxımından dəstəkləyir və biz bundan sonra da dəstəkləyəcəyik. Məncə, gürcülər üçün Rusiyanın Gürcüstan ərazisinin 20%-ni işğal etdiyini, Rusiyanın gürcü dilini məhv etməyə çalışdığını, Rusiyanın gürcü kilsələrini təhqir etdiyini, onlardan heyvan sığınacağı kimi istifadə etdiyini xatırlamaq vacibdir. Əgər Rusiyanın Gürcüstanla dostluğunun nə demək olduğu barədə sual yaranarsa, inzibati sərhədə gedib orada baş verənlərə baxmaq kifayətdir. Gürcüstanın dostları Avropa və Amerikadadır və bu yol sülh, sabitlik və firavanlıq gətirir”,
- deyə Kelli Deqnan bildirib.

Son vaxtlar “Gürcü Arzusu”nun nümayəndələri və onların tərəfdarları Qərb dövlətlərinin Gürcüstanı müharibəyə cəlb etmək istədiyini deyirlər. Onların arasında Aİ-yə namizəd statusu bu nəzəriyyənin bir hissəsi kimi qəbul edilir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google