Odessanın bombalanması göstərdi ki, Rusiya öz sözlərinə belə dəyər vermir - Zurabişvili
Gürcüstan prezidenti Salome Zurabişvili Odessa limanına raket hücumunu pisləyib. Onun sözlərinə görə, Rusiyanın bu hərəkəti göstərdi ki, o, öz sözlərinə dəyər vermir.

Zurabişvili bu barədə bu gün, iyulun 23-də Twitter-də yazıb:

“Ukraynadan taxıl ixracını təmin etməli olan razılaşmadan bir gün sonra Odessanın bombalanması zorakılıqdır və pislənməlidir.

Bu onu göstərir ki, Rusiya nə öz sözlərinə, nə də qlobal humanitar və təchizatla bağlı vəziyyətə əhəmiyyət vermir”,
- Zurabişvili yazıb.


Ukraynanın məlumatına görə, bu gün, iyulun 23-də Rusiya Odessaya 4 raket atıb, onlardan 2-si Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurulub, 2-si isə Odessa limanına düşüb.

Unian xəbər verir ki, Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti Rusiyanın raket hücumu zamanı Odessa limanından taxıl göndərməyi planlaşdırdıqlarını açıqlayıb. Mətbuat xidmətinin məlumatına görə, taxıl sabah və ya o biri gün göndərilməlidir.

Dünən, iyulun 22-də Ukrayna Türkiyə və BMT ilə Qara dəniz regionundan buğda ixracının davam etdirilməsi haqqında saziş imzalayıb. Müharibə başlayandan sonra Rusiyanın təcavüzü və limanların blokadası səbəbindən Ukrayna buğda ixrac edə bilməmişdi.

Odessa limanına hücumdan sonra Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Vladimir Putinin raket hücumu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin “üzünə sillədir”.

Buğdanın ixracı ilə bağlı danışıqların təşəbbüskarı da məhz onlar olub.
Ukrayna Rusiya ilə birlikdə dünyada əsas buğda istehsalçılarından biridir.

Müharibə və gəmi yollarının blokadası səbəbindən Ukraynanın buğda ixracı kəsildiyi üçün dünya ərzaq qiymətləri kəskin şəkildə artıb.

Böyük iqtisadi problemlərlə üzləşən ölkələr əhəmiyyətli ərzaq böhranı ilə üzləşdilər.

Mənbə: Netgazeti
Print