Bu gün, 8 dekabr tarixində Marneuli Mədəniyyət Evində gənc rəssam
Xəyalə Mustafayevanın kətan üzərində çəkmiş olduğu rəsm əsərlərinin
sərgisi keçirildi.
Rəsm çəkməyi özü-özünə öyrənən rəssam özündə yaradıcılıq bacarığını
uşaq yaşlarından kəşf edib. Xəyalə Mustafayeva Marneuli şəhər 8
saylı ictimai məktəbində Tətbiqi və Təsviri İncəsənət müəllimi
işləyir. Onun sözlərinə görə, ən böyük arzusu Şuşa şəhərində rəsm
sərgisi keçirməkdir.
“Mənim şəkil çəkməyə həvəsim uşaq vaxtından var idi.
Amma iki ildir ki, rəsm əsərlərimi kətan üzərində çəkirəm. Bu
rəsmləri inkişaf etdirməkdə əsas rolu Azərbaycan səfirliyində
təşkil olunan müsabiqə tudu. İki dəfə səfirlikdə təşkil olunan
müsabiqəyə qoşuldum. Oradan iki dəfə diplom alandan sonra keçdim
kətan üzərində rəsm çəkməyə. Ondan sonra kətan üzərində rəsmlər
çəkirəm. Kətan üzərində təxminən 60-a yaxın rəsm çəkmişəm. Bu mənim
ilk sərgim deyil. Bu mənim ikinci rəsm sərgimdir. İlk sərgimiz
səfirliyin təşkilatçılığı ilə Axundov muzeyində baş tutmuşdu.
İkinci sərgim isə Marneuli Mədəniyyət evindədir. Gələcək
planlarımız var. İstəyirəm ki, Şuşada da sərgi
keçirəm”, – Xəyalə Mustafayeva dedi.
Rəsm sərgisində Azərbaycanın Gürcüstandakı səfirliyinin
əməkdaşları, Marneuli meriyasının nümayəndələri, müəllimlər,
gənclər və maraqlanan şəxslər iştirak edirdilər. Tədbir
iştirakçıları Marneulidə bu cür sərgilərin tez-tez keçirilməsini
istədiklərini dedilər. İştirakçılar Mustafayevanın çəkdiyi əsərləri
çox bəyəndiklərini də qeyd etdilər.
“Sərgi çox xoşumuza gəldi. Mən istəyərdim ki, bu cür
sərgilər tez-tez olsun. Sərgilər bizim tariximizdir. Əsas da ulu
öndərin başdakı portreti bizi qürurlandırır. Burada digər
millətlərin nümayəndələri də iştirak edir. Arzu edirəm ki, tez-tez
bu cür tədbirlər keçirilsin”, – Mahir Sədiyev
dedi.
“Xəyalə müəllimə bizim məktəbin şagirdi olub.
Hal-hazırda bizim məktəbin müəlliməsidir. Sevimli şagirdimiz olub.
Gözəl müəllimədir, gözəl rəssamdır. Gözəl əl qabiliyyəti var. Mən
onun əl işlərini çox bəyənirəm. Bu yaxınlarda onun Tbilisi
şəhərində möhtəşəm sərgisi oldu. Eşitdiyimizə görə, yaxın günlərdə
Bakı şəhərində onun sərgisi olacaq. Bildiyimizə görə, səfirlik
tərəfindən dəvət olunub. Yəqin ki, o sərgi də gözəl olar. Ona bu
işində uğurlar arzu edirik. O, hər bir uğura
layiqdir”, – Marneuli 8 saylı ictimai məktəbinin
coğrafiya müəllimi Sona Yusifova dedi.
“Marneuli 2 saylı ictimai məktəbindən gəlmişik.
Direktorun dəvəti ilə gəldik. Mən şəxsən bu sərgi haqqında
bilmirdim. Ancaq çox maraqlanıram. Belə sərgilər tez-tez keçirilsə,
lap yaxşı olar. Mühit çox yaxşıdır. Nəzərdən keçirdiyim rəsmlər də
çox xoşuma gəldi. Favorit rəsmim də var. Bilmirəm, satılırmı,
almağı çox istəyərdim. Bu adamın xüsusi bacarığı var. İstərdim ki,
belə xüsusi bacarığı olan adamlara hamı dəstək olsun. Tez-tez belə
sərgilər keçirilsin. Mənim məlumatım yox idi. Amma bundan sonra
biləcəyəm ki, Marneulidə belə bacarıqlı adamlar var. Mənim üçün bu
sərgini nəzərdən keçirmək böyük şərəf idi”, – Şalva
Minadze dedi.
Qeyd edək ki, Xəyalə Mustafayeva ilk fərdi sərgisini Mirzə Fətəli
Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində bir neçə ay əvvəl
keçirib. Sərgidə onun rəsmlərini ilk dəfə satmaq imkanı da
olub.