Almaniyanın xarici işlər naziri Analena Berbok martın 23-24-də
Gürcüstanda səfərdə olacaq.
Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, səfərin məqsədi iki ölkə arasında sıx və birbaşa
əlaqələr yaratmaq və Gürcüstan ilə gələcəkdə Avropada əməkdaşlığı
dərinləşdirməkdir.
Səfər çərçivəsində almaniyalı nazirin Gürcüstan prezidenti Salome
Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri
İliya Darçiaşvili ilə görüşləri nəzərdə tutulur. Bundan əlavə,
nazir tələbələrlə, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri
ilə görüşəcək.
Görüşlərdə Almaniyanın Gürcüstanın Avropa İttifaqı və NATO ilə
yaxınlaşmasına dəstək verməsi, bu sahədə həyata keçiriləcək
islahatlar, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın gücləndirilməsi
əsas müzakirə mövzuları olacaq.
Bəzi siyasətçilərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin
bu günlərdə Almaniyaya səfərindən sonra Avropa ölkələrinin
Azərbaycana və Cənubi Qafqaza marağı daha da artıb.
Politoloq, tarixçi alim Quram Marxuliya AZƏRTAC-a müsahibəsində
deyib ki, indi Avropanın Qərblə Şərq arasında əsas körpü rolunu
oynayan Azərbaycana və Gürcüstana daha çox ehtiyacı var. Prezident
İlham Əliyevin Almaniyada regionun vacibliyi ilə bağlı
səsləndirdiyi bəyanatlar, Azərbaycanın enerji layihələri, eləcə də
Azərbaycanın və Gürcüstanın beynəlxalq nəqliyyat sektorundakı rolu
barədə söylədikləri hamının diqqətini çəkib.
“Düşünürəm ki, avropalı nazirlərin bölgəyə səfərləri bundan sonra
daha da intensivləşəcək”, – deyə Marxuliya
vurğulayıb.
Mənbə: azertag.az