Macarıstan Avropa İttifaqının (Aİ) Qarabağdakı vəziyyətlə bağlı
birgə bəyanatına veto qoyub.
Bu barədə Avropanın diplomatik mənbələri məlumat yayıblar.
Qeyd olunur ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti
üzrə Ali nümayəndəsi Cozep Borrelin Azərbaycanın Qarabağdakı
antiterror tədbirlərinə dair qərəzli anti-Azərbaycan bəyanatı
əvvəlcə Aİ-nin bütün 27 üzv ölkəsinin birgə bəyanatı olmalı idi,
lakin Macarıstan bəyanata veto qoyub.
Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması,
Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların
qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad
edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq
işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın
təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının
konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal
xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və
uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi
təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə
sıradan çıxarılıb. Mülki əhali və infrastruktur obyektləri hədəfə
alınmayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı
kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il
sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror
tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan
silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı
dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi
postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan
silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir,
qeyri-qanuni erməni silahlı dəstələri buraxılır; paralel şəkildə
bütün silah-sursat və ağır texnika təhvil verilir; yuxarıda qeyd
olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə
əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Mənbə: trend.az