Gürcüstanda səfərdə olan Azərbaycanın elm və təhsil nazirinin
müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın
28-də Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia ilə
görüşüb, bu ali təhsil ocağındakı Heydər Əliyev adına auditoriya
ilə tanış olublar.
Azərbaycan nümayəndə heyəti, həmçinin Gürcüstan Texniki
Universitetinin rektoru David Qurgenidze ilə görüşüb.
Görüşdə Azərbaycan və Gürcüstanın universitetləri arasında
əməkdaşlıq məsələləri
müzakirə olunub.
Söhbət zamanı universitetlər arasında müəllim və tələbə mübadiləsi,
birgə elmi araşdırmaların aparılması, elmi simpozium və
konfransların təşkili və s. məsələlər diqqət mərkəzində olub.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycanın elm və təhsil
nazirinin müşaviri Simuzər Feyzullayeva, Bakı Dövlət
Universitetinin (BDU) rektoru Elçin Babayev, Elm və Təhsil
Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tural
Əhmədov, BDU-nun Təhsil prosesinin təşkili və idarə edilməsi
departamentinin rəhbəri Elçin Məmmədov daxildirlər.