Maradisi kəndində 2024-cü ildə ilk dəfə “Tarla günü”
keçirilib.
Tarla günündə Marneuli bələdiyyəsinin Maradisi kəndindəki nümayiş
ərazisində mütəxəssislər fermerlərə şitil
istehsalı
texnologiyalarını
nümayiş etdirərək kənd təsərrüfatının iqlim dəyişikliyinə
uyğunlaşdırılması, istixana tikintisi və tingçilik fabrikində
suvarma sistemi, şitilin transplantasiyası, transplantasiya zamanı
nəzərə alınacaq məsələlər, istixanalarda kələm istehsalı kimi
məsələləri müzakirə ediblər.
CENN-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Mütəxəssisi Sandro
Qucabidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, CENN
artıq üçüncü ildir ki, Maradisi kəndindəki nümayiş ərazisində
“Tarla günləri” keçirir.
“Bu il daha bir neçə belə tədbirin keçirilməsi planlaşdırılır. Bu
hissə "İqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı – PRAISE
MARNEULI" layihəsi çərçivəsində yaradılıb. Layihə çərçivəsində 10
fermerdən ibarət qadın kooperativi yaradılıb. Bu baza, şitillərin
istehsal olunduğu bu istixana həmin kooperativə məxsusdur və onlar
artıq bu şitillərin kommersiya istehsalına başlayıblar. Layihənin
məqsədi ekoloji cəhətdən təmiz kənd təsərrüfatının tətbiqi
vasitəsilə Marneuli bələdiyyəsində gəlir artımına dəstək olmaqdır.
Nümayiş ərazisi ilə yanaşı, layihə müxtəlif istiqamətlərdə işləyir,
çoxsahəli işçi qrupu formalaşdırılıb, biz gənclərlə də işləyirik və
əsas məqsəd fermerləri iqlim dəyişikliyi ilə bağlı gözlənilən
dəyişikliklərə qarşı daha da gücləndirməkdir ", –
Sandro Qucabidze bildirir.
“Yaşıl Maradisi” kooperativi müxtəlif növ tinglər yetişdirir və
kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Fermer Naira
Bolkvadzenin “Marneuli” radiosuna bildirdiyinə görə, layihə
çərçivəsində fermerlər şitillərin düzgün əkilməsi, gübrələrdən
istifadə qaydalarını öyrəniblər. Kənd təsərrüfatında isə yeni
texnologiyalar yoxdur və indi onlar əldə etdikləri biliyi,
təcrübəni digər fermerlərlə bölüşürlər.
“Marneulidə elə bir problem var ki, gübrələrdən,
kimyəvi maddələrdən düzgün istifadə etmirlər və bu, şəxsən məni
narahat edir. Çünki mən sahibkaram və qeyri-sağlam məhsul
yetişdirmək istəmirəm. Məhz bu tarla günləri bizə öz bilik və
təcrübəmizi fermerlərlə bölüşməyə imkan verir. Mən fəxr edirəm ki,
Maradisi kəndinin qadınları artıq çox şey öyrəniblər və kənd
təsərrüfatı ilə düzgün məşğul olurlar. İndi də tarla günlərində
iştirak etmək istəyənlər çoxdur. Onlar müəyyən təcrübələri öyrənib
təsərrüfatlarında tətbiq edirlər. Artıq bizə zəng edib kimyəvi
maddələrdən necə düzgün istifadə etməyi, müəyyən olunan günlərə
necə riayət etməyi, məsələn, kimyəvi maddələri vurduqdan neçə gün
sonra məhsulu yığmaq lazım olduğunu soruşurlar və bu məni çox
sevindirir”, – Naira Bolkvadze bildirir.
“Tarla günü” İsveçrənin HEKS/EPER təşkilatının maliyyə dəstəyi
ilə CENN tərəfindən həyata keçirilən “İqlim Dəyişikliyinə Davamlı
Kənd Təsərrüfatı – PRAISE MARNEULI” layihəsi çərçivəsində təşkil
olunur. Layihənin məqsədi ətraf mühitə uyğun və iqlim dəyişikliyinə
davamlı kənd təsərrüfatına dəstək olmaq, Marneuli bələdiyyəsində
əhalinin gəlir əldə etmə imkanlarını artırmaqdır.