Buxarest meri Danın prezident seçkisində sürpriz qələbəsi Avropaya rahatlıq gətirdi
Ləğv edilmiş seçkilər və seçkidə iştirakı qadağan olunmuş millətçi favorit namizəddən sonra bir neçə aylıq siyasi qarışıqlığın ardından rumınlar, nəhayət, yeni bir prezident seçiblər. Qalib gələn namizəd həm də Brüsselə rahat nəfəs aldıracaq biridir.

Mərkəzçi, Avropa İttifaqı-yönlü və Ukrayna tərəfdarı olan Buxarest meri Nikuşor Dan Rumıniyanın prezidenti kimi beynəlxalq arenaya çıxır.

"Rumıniya bu seçkidə açıq seçim qarşısında idi: ya Qərbyönümlü kursu davam etdirmək, ya da ultramillətçiliyə və Rusiyayönlü siyasətə yönəlmək. Nikuşor Danı seçməklə onlar Qərbyönümlü davamlılığı seçdilər", – Böyük Britaniyada yerləşən "Royal United Services Institute" müdafiə və təhlükəsizlik üzrə analitik mərkəzinin eksperti Oana Lunqesku AzadlıqRadiosuna bildirib.

"Rumıniya onilliklərdir ki həm NATO-nun, həm də Aİ-nin etibarlı üzvdür – bu seçki nəticəsi hər iki qurumda da bir rahatlanma hissi yaradacaq. Rumıniya strateji mövqeyə malikdir", – NATO-nun keçmiş sözçüsü olan Oana Lunqesku əlavə edib.

Mayın 18-də keçirilən seçkilərdə Danın qələbəsi ilə bağlı bir çox diqqət çəkən məqam var. O, ikinci turda 38 yaşlı ultramillətçi Corce Simionu məğlub edərək səslərin təxminən 54 faizini qazanıb.

Dan keçən ilin noyabrında keçirilmiş ilk turda, ümumiyyətlə, iştirak etməmişdi. O, 2024-cü ildən bəri Buxarest meri kimi ikinci müddətinə başlamışdı.

Lakin Rusiyanın müdaxiləsi ilə bağlı iddialar fonunda həmin seçki ləğv edildikdə Dan may ayında təkrar seçki üçün rinqə atılmağa qərar verdi.

O, Rumıniyanın kommunist rejiminin qanlı devrilişini xatırladaraq "1989-cu ildən bəri ən çətin tarazlıq anındayıq" deyə bildirib.

İkinci diqqətəlayiq məqam odur ki, Dan yalnız birinci raundda üçüncü yerin namizədi Krin Antoneskunu cüzi fərqlə qabaqladı və Corce Simiondan təxminən 20 faiz səslə geridə idi. O, bir şəkildə həmin fərqi aradan qaldıraraq Simionu məğlub etdi, lakin indi dərin siyasi qütbləşmə olan ölkədə siyasi ehtirasları sakitləşdirmək kimi çətin bir vəzifə ilə qarşı-qarşıyadır.

N.Dan müstəqil namizəd kimi yarışıb və həm hakim koalisiyanın, həm də əsas müxalifət partiyası və onun müttəfiqlərinin — Simionun təmsil etdiyi qüvvələrin — namizədlərini məğlub edib.

Bu o deməkdir ki, o, özünü birləşdirici qüvvə kimi təqdim edə bilər, yeni prezidentin həm də parlamentdə dəstək qazanması lazımdır.

N.Danın ilk işlərindən biri də çoxluğun dəstəyinə sahib olacaq yeni baş nazir təyin etməkdir.

"Tramp administrasiyası ilə problemləri ola bilər"
Kluj Universitetinin Avropaşünaslıq fakültəsindən Serco Mişkoyu AzadlıqRadiosuna deyib: "Bu, asan deyil, mürəkkəbdir, çünki parlament çox parçalanıb".

Prezidentlik yarı-icraedici vəzifədir və xarici siyasətdə mühüm funksiyaları var, məsələn, beynəlxalq sammitlərdə iştirak etmək və Rumıniyanın Aİ-də veto hüququndan istifadə etmək.

Dan bildirib ki, o, ABŞ ilə yaxın münasibətlər qurmaq, eyni zamanda davamlı şəkildə Aİ-yönümlü siyasət yürütmək və Ukraynaya dəstəyi davam etdirmək istəyir.

Onun seçilməsi Brüsseldə və digər Avropa paytaxtlarında məmnuniyyətlə qarşılanacaq, çünki Dan onların iki namizəd arasında təbii müttəfiqi və əməkdaşlıq edə biləcəkləri şəxs hesab olunur.

Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk hətta seçkidən cəmi iki gün əvvəl N.Dana birbaşa dəstək nümayiş etdiriblər.

Seçkidən sonra həm Makron, həm də Tusk Danı qələbəsi münasibətilə təbrik ediblər.

Nəticələr elan olunduqdan sonra Dan ilə telefonla danışdığını söyləyən Makron "çoxsaylı manipulyasiya cəhdlərinə baxmayaraq, rumıniyalılar bu axşam demokratiya, qanunun aliliyi və Avropa İttifaqını seçdilər" deyib.

Tramp administrasiyası, əksinə, keçənilki seçkilərin ləğv edilməsi qərarını tənqid edərək Simion tərəfdarlarını sevindirmişdi.

Müstəqil namizəd N.Dan NATO-ya sadiq dəstəyini ifadə edib. O, Vaşinqtonla münasibətləri yaxşı saxlamağa çalışacaq, çünki ABŞ-nin Rumıniyada əsas antiballistik raket bazası və təxminən 1700 əsgəri var.

ABŞ-nin Avropadan hərbi qüvvələrini geri çəkmək planları ilə bağlı davam edən müzakirələr fonunda bu, Rumıniyanın yeni prezidenti üçün əlavə başağrısı ola bilər.

"Aİ-yönümlü platforma ilə seçilən hər bir prezidentin Tramp administrasiyası ilə müəyyən problemləri ola bilər. Amma Nikuşor Dan solçu deyil", - Mişkoyu bildirib.

"Deyə bilərik ki, o, kifayət qədər mötədil mühafizəkardır. Bu, Ağ ev ilə müzakirədə ona kömək edə bilər", - o əlavə edib.

Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq tərəfindən hazırlanıb.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google