“Əgər ABŞ prezidenti ‘dərin dövləti’ zəiflədə bilsə, bu,
mütləq şəkildə Gürcüstan-Amerika münasibətlərinə müsbət təsir
edəcək.
Əgər zəiflədə bilməzsə, o zaman hazırda mövcud olan status-kvo
davam edəcək.” – bunu “Gürcü Arzusu” hökumətinin baş naziri İrakli
Kobaxidze “İmedis Kvira” verilişinə verdiyi müsahibədə
bildirib.
Onun sözlərinə görə, Gürcüstan tərəfi ABŞ administrasiyasına
mesajlar göndərib və əgər münasibətlərin yenidən qurulmasına maraq
varsa, bu istiqamətdə addımları ABŞ tərəfi atmalıdır:
“Hər şey prezident Trampla 'dərin dövlət' arasında olan
mübarizənin necə davam edəcəyindən və necə yekunlaşacağından
asılıdır. Bu mübarizə barədə prezident administrasiyasının
nümayəndələri açıq danışırlar.
Əgər prezident 'dərin dövləti' zəiflədə bilsə, bu,
Gürcüstan-Amerika münasibətlərinə müsbət təsir edəcək. Əgər
zəiflədə bilməzsə, bu günkü vəziyyət olduğu kimi qalacaq.
Bundan əlavə, xatırlamalıyıq ki, elə həmin 'Dostluq Aktı' qəbul
olundu. Hazırda qüvvədə olan sanksiyalar tətbiq olunub – o cümlədən
baş nazirin müavininə və daxili işlər nazirinə qarşı. Buna görə
deyirəm ki, bu passiv səssizlik və ya passiv mövqe deyil.
Mövcud vəziyyətin dəyişməsinə ehtiyacımız var. Əgər ABŞ tərəfinin
də münasibətlərin yenidən qurulmasına marağı varsa, o zaman
addımlar atılmalıdır. Lakin bu, bizdən asılı deyil. Bizim tərəfdən
atılmalı olan addımlar atılıb, mesajlarımız administrasiyaya
çatdırılıb – görək onların reaksiyası necə olacaq.” – deyə
Kobaxidze bildirib.
Mayın 13-də, “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze Facebook
səhifəsində açıq məktub da yayımlayıb və bu məktubla ABŞ prezidenti
Donald Trampa və vitse-prezident Cey Di Vense (J. D. Vance)
müraciət edib.
Kobaxidzenin sözlərinə görə, bir neçə həftə əvvəl Gürcüstan-Amerika
münasibətləri ilə bağlı yazılmış məktuba cavab verilməyib. O,
məktubda münasibətlərin “təmiz səhifədən” başlamasına dair hazırlıq
ifadə olunmasına baxmayaraq, bu cavabsızlığın təəccüblü olduğunu
bildirib – xüsusilə də “Gürcü Arzusu” ilə ABŞ-ın hazırkı
administrasiyası arasında dəyər baxımından uyğunluq olduğunu nəzərə
alaraq.
Həmin məktubda Kobaxidze ABŞ administrasiyasının Gürcüstanın
vitse-premyerinə və digər hakimiyyət nümayəndələrinə qarşı tətbiq
etdiyi “sanksiyaları” anlaşılmaz adlandırıb. Onun fikrincə, bu
şəxslər ABŞ-ın və USAID xətti ilə maliyyələşdirilən “inqilab
cəhdini” və zorakılığı uğurla dayandırıblar.
2024-cü il dekabrın 27-də ABŞ Maliyyə Nazirliyi milyarder sabiq baş
nazir Bidzina İvanişviliyə – “Gürcü Arzusu”nun qurucusu və fəxri
sədrinə qarşı sanksiyalar tətbiq etdi. Bu qərar, Gürcüstanda davam
edən pro-Avropa etiraz aksiyalarının 30-cu günündə və “Gürcü
Arzusu” tərəfindən seçilmiş prezident Mixeil Kavelashvilinin
inauqurasiyasına iki gün qalmış qəbul edilmişdi.
Elə həmin məktubda Kobaxidze ABŞ Konqresində qəbul edilmiş “Dostluq
Aktı”nı “absurd qanun” adlandırıb və onun Gürcü xalqına və xalqın
seçdiyi hökumətə qarşı düşməncəsinə yanaşma ilə dolu olduğunu
bildirib.
“Dostluq Aktı” ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr
Palatasında mayın 6-da səsverməyə çıxarılıb və iki partiyanın
dəstəyi ilə qəbul olunub.
Qanun layihəsinin rəsmi adı belədir: “Gürcüstanda Çin Kommunist
Partiyası, İran rejimi və Rusiya Federasiyasının təsirinə qarşı
mübarizə aktı”.
Eyni məzmunda olan “Dostluq Aktı” ABŞ Senatına da təqdim olunub və
orada da iki partiyanın dəstəyinə malikdir.
Qanun layihəsi bir tərəfdən Gürcüstanda demokratik geriləməyə və
Rusiyanın, Çinin və İranın təsirini artırmağa cavabdeh şəxslərə
sanksiyalar nəzərdə tutur, digər tərəfdən isə, ölkənin xarici
siyasi kursunu düzəltməsi halında ABŞ ilə sıx əməkdaşlıq vəd
edir.
Nümayəndələr Palatasından sonra növbə Senatdadır – qanun layihəsi
prezident Donald Trampa imzalanmaq üçün təqdim olunmazdan əvvəl
Senatda da təsdiq olunmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415