Avropa İttifaqının Gürcüstandakı səfiri Karl
Hartzel Marneuli Kompostlaşdırma Müəssisəsinə (kompostlaşdırma –
tullantıların mikroorqanizmlərin təsiri nəticəsində parçalanması və
onlardan gübrə alınması) baş çəkib. Səfir Marneulinin müxtəlif
ərazilərində yerləşdimək üçün müəssisəyə 30-dan çox 1 100 litrlik
konteynerlər verib.
Həmçinin 12
ədəd 12 litrlik konteynerlər də alınıb ki, bunlar da üzvi
tullantıların toplanılması üçün uşaq bağçalarına və bir neçə ailəyə
veriləcək.
Avropa İttifaqı və Gürcüstan hökuməti
Marneulidə üzvi tullantıların çeşidlənməsi və yenidən emalı pilot
layihəsinə başlayır. Məhz bu layihə çərçivəsində Avropa İttifaqının
səfiri ilə birgə kompostlaşdırma müəssisəsinə mərkəzi və yerli
hakimiyyət nümayəndələri də baş çəkiblər.
Pilot layihə zibilliklərdə istilik effektinə
malik havanın yaranmasının azalması və regional zibilliklərin
50%-ni təşkil edən üzvi tullantıların yenidən istifadəsinin mümkün
olub-olmadığını göstərəcək.
Səfər zamanı Karl Hartzel tullantıların idarə
olunması ilə bağlı Avropa İttifaqının təcrübəsini
vurğulayıb.
“Avropa İttifaqı ətraf mühitin mühafizəsi və
səhiyyə sahəsində dünya lideridir ki, bunun da əsas hissəsini
tullantıların idarə olunması təşkil edir. Öz təcrübələrimizi
Gürcüstanla bölüşməyimizdən çox şadıq. Avropa İttifaqı tərəfindən
dəstəklənən bu pilot layihə vasitəsilə biz Gürcüstanda
tullantıların daha yaxşı idarə etməyin və üzvi tullantıların
faydalı kompostlara çevirməyin mümkün olduğunu sübut edəcəyik”, –
Avropa İttifaqının səfiri deyib.
Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd
Təsərrüfatı nazirinin müavini Xatia Tsilosani Marneulidə üzvi
tullantıların çeşidlənmiş şəkildə toplanması və emalı pilot
layihəsini mühüm addım kimi dəyərləndirib. O, qeyd edib ki,
Gürcüstan hökuməti üçün tullantıların idarə olunması və ətraf
mühitin mühafizəsi prioritet məsələlərdəndir.
Layihənin təqdimatından sonra, böyük ölçülü
konteynerlər yaşayış məntəqələrinə və bir neçə uşaq bağçasına
yerləşdirilib, kiçik ölçülü mətbəx konteynerləri isə ailələrə və
uşaq bağçalarına paylanılıb. Bundan başqa layihədən istifadəçi
tərəflərlə də görüş keçirilib. Görüş zamanı Avropa İttifaqının
texniki yardım layihəsinin eksperti üzvi tullantıların toplanılması
məqsədləri və metodlarından danışıb.
Pilot layihə Avropa İttifaqının dəstəyi və
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, Marneuli
Kompostlaşdırma Müəssisəsi və yerli hakimiyyətin əməkdaşlığı ilə
həyata keçirilir və layihənin məqsədi ölkədə tullantıların
çeşidlənmiş şəkildə toplanılması və yenidən emalıdır.
“Marneuli” radiosu