Norqiuli sakinlərinin su ilə təmin olunması güman ki, 17 aprel tarixindən bərpa olunacaq

Norqiuli kəndində yaşayan bir neçə ailəyə 2 həftədən artıqdır ki, içməli su verilmir.


Sakinlərin “Marneuli” radiosuna bildirdiklərinə görə, içməli su borusu dağılıb, buna görə də sakinlərin bir qismi susuz qalıb.

"İki həftədir ki, su yoxdur. Ondan əlavə gediblər ərizə yazıblar. Deyiblər baxacağıq. Amma baxılmayıb. Ondan sonra Tiblisiyə yazıblar. Bilmirəm hara yazıblar. Onların hamısı bilir. Orada haradasa 3-4 ailəyə su çatmır. Qonşudan, qonşu kəndən su daşıyırlar. Gör hansı dövrdə yaşıyırıq" - Günay Yetirmişli dedi.

Norqiuli kəndini su ilə Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti təmin edir. Şirkətdən verilən məlumata görə, qeyd olunan problemlə bağlı məlumatları var.

“Biz getmişdik, sakinlərlə görüşdük və onlar bildirdilər ki, su borusu yolun digər tərəfindədir və buna görə də asfalt örtüyünü qazmaq lazımdır. Bunun üçün isə biz icazə almalıyıq ki, buna da müəyyən vaxt lazımdır”, – Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətindən bildirdilər.

Şirkətdən onu da bildirirlər ki, içməli su borusunu yaxın günlərdə təmir edəcəklər və susuz qalmış Norqiuli sakinlərinin su ilə təmin olunması güman ki, 17 aprel tarixindən bərpa olunacaq.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google