Marneulidə 26 mayla bağlı hansı tədbirlər planlaşdırılır

Gürcüstanın müstəqilliyinin 101-ci ildönümü ilə əlaqədar olaraq, 26 may tarixində Marneulidə müxtəlif tədbirlərin, bayram konsertinin keçirilməsi planlaşdırılır.


Məhz 101 il öncə, 1918-ci ilin 26 may tarixində Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub. Gürcüstanın müstəqilliyini 1921-ci ilə qədər qoruya bildi, bundan sonra isə 70 il ərzində Sovet İttifaqının tərkibinə daxil olub, 1991-ci ilin 9 aprel tarixində isə müstəqilliyini yenidən bərpa edib.

Müstəqillik gününün qeyd olunması üçün Marneulidə keçiriləcək tədbirlərdə uşaqlar üçün sahə, açıq səma altında kino, əl işləri sərgisi və istirahət sahələri olacaq. Bundan əlavə, küçə artistləri də olacaq ki, onlar da divarlara şəkillər çəkəcəklər.

Tədbirin təşkilatçısı Nino Tskvitarianın bizimlə söhbəti zamanı bildirdiyinə görə, saat 17:10-da Gürcüstanın dövlət himni səsləndiriləcək.

“Əsas tədbirin kulminasiyası saat 17:10-da olacaq. “Çoxosani” (Çuxalılar) ansamblı azərbaycanlı müğənni ilə birlikdə dövlət himnini səsləndirəcəklər və ideya bundan ibarətdir ki, tədbirin qonaqları da müğənnilərlə birlikdə himni oxusunlar”, – Nino Tskvitaria dedi.

Tskvitarianın dediyinə görə, Marneulidə tədbirlər təxminən saat 14:00-da başlayacaq və axşam saat 19:00-da konsert proqramı ilə başa çatacaq.

Konsertin təşkilatçısı Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyidir. Nazirliyin Mədəniyyət Şöbəsinin mətbuat xidmətinin məlumatına görə, konsertdə “Mgzavri” (Səyyah) teatr kvarteti və qrupu iştirak edəcək.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google