Marneulili fəal dayısının evində aparılmış axtarışı “Gürcü Arzusu”nun təzyiqi kimi dəyərləndirir
“Ədalətli Seçkilər” qeyri hökumət təşkilatının Marneuli koordinatoru və mülki fəal Rəşan Ziyadəliyev 5 dekabr tarixində dayısının evində aparılan axtarışı iqtidar partiyası tərəfindən onun qorxudulması və dayısının siyasi fəaliyyətə cəlb olunması cəhdi kimi qiymətləndirir.

Ziyadəliyevin dayısı İsmayıl Çobanov Marneulidə nüfuzlu şəxslərdəndir. Rəşanın sözlərinə görə, demək olar ki, Marneulinin bütün kəndlərində onun tanışları var.

“Aparılan axtarışdan sonra “başqa şəxslər” ona – 2020-ci il seçkilərində “Gürcü Arzusu”na kömək et, əks halda nə bilirsən nə olacaq – deyiblər”, – Rəşan Ziyadəliyev deyir.

Hüquq mühafizə orqanları Çobanovun evində 5 dekabr 2019-cu il tarixində axtarış aparıblar, buna səbəb olaraq isə “112”-yə zəng daxil olmasını bildiriblər. Zəng vuranlar Çobanovun ailəsində odlu silahdan açılmış atəş səsini eşitdiklərini deyiblər.

“Polislər evə daxil olduqda ailə üzvlərinə icazə kağızını (məhkəmə hökmü) göstəriblər, lakin ailə üzvləri gürcü dilini bilmirlər və müvafiq olaraq həmin kağızın həqiqətən icazə kağızı olub-olmamasını da bilməyiblər. Onlarla birlikdə tərcüməçi də gəlib, lakin o, öz funksiyasını yerinə yetirməyib, sadəcə evdəkilərə deyib ki, polisin əlində məhkəmə tərəfindən verilmiş hökm var və onlar evi axtarmalıdırlar”,
– Ziyadəliyev bildirir.

Gürcüstan Prokurorluğu axtarışdan bir neçə gün sonra ailəyə axtarış nəticəsində cinayət işinin açılmadığı barədə məlumat verib. Mülki fəalın sözlərinə görə, axtarışın nə dərəcədə qanuni olduğu ilə bağlı prokurorluğa iki dəfə müraciət ediblər və axtarışa əsas göstərilən məhkəmə hökmünün surətini tələb ediblər.

Prokurorluq cavab olaraq axtarışın qanun çərçivəsində aparıldığını bildirib. Məhkəmə hökmünün surətinə gəlincə isə, artıq 22 gündür ki, Çobanovlar ailəsinə verilməyib.

Rəşan Ziyadəliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bir neçə gündən sonra vəkillərlə görüşəcəklər və işin hüquqi baxımdan araşdırılmasını tələb edəcəklər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google