"Aydın otaq" xidmətindən Marneuli sakini olan 10 nəfər fiziki imkanları məhdud şəxs faydalana biləcək
Marneuli meriyasında 2021-ci ildə “aydın otaq” xidməti qüvvəyə minəcək. Bu il Marneuli bələdiyyəsində yaşayan 10 nəfər fiziki imkanları məhdud şəxs “aydın otaq” xidmətindən faydalana biləcək.

Marneuli merinin müavini Laşa Lobcanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, qeyd olunmuş xidmətin həyata keçirilməsi üçün büdcədən 50 000 lari ayrılıb.

“Bildiyiniz kimi bu sənədi sərəncam formasında Bələdiyyə Məclisinə göndərmişdik. Yekunda hökumət dəftərxanası ilə təmaslar nəticəsində qərar verildi ki, biz bu sənədin sərəncam kimi təsdiqləyəcəyik, sonra artıq bu məsələ ilə bağlı ərizələri qəbul edəcəyik. Şuranın seçəcəyi benefisiarların (fiziki imkanları məhdud şəxslər şurası) həyat şəraitini yaxşılaşdıracağıq. Ola bilsin kiminsə pandusa, yaxud otağın uyğunlaşdırılmasına ehtiyacı var. Meriya bunların hamısını qərar əsasında yerinə yetirəcək”,
– Laşa Lobcanidze bildirdi.

Marneuli merinin müavininin sözlərinə görə, maraqlanan şəxslər artıq meriyaya gedə və dəftərxanaya ərizə verə bilələr. 2021-ci il ərzində bələdiyyə ümumilikdə 10 benefisiarı maliyyələşdirəcək. Hər layihənin dəyəri isə maksimum 5000 lari olacaq.

Meriyada fəaliyyət göstərəcək Fiziki İmkanları Məhdud Şəxslər Şurası “Aydın otağın” benefisiarlarını seçdikdən sonra bələdiyyə işlərin həyata keçirilməsi üçün tender elan edəcək.

Qeyd olunan məlumat Marneulinin Fiziki İmkanları Məhdud Şəxslər Şurasının 1 mart tarixində keçirilmiş iclasında verilib. Şuranın iclasında eləcə də bələdiyyədəki fiziki imkanları məhdud şəxslər bazasının tamamlanmaıs ilə bağlı da müzakirə aparıblar ki, həmin şəxslərin işlə təmin edilmək imkanı olsun.

“Baza hazırlandıqdan sonra düşünürük ki, sahibkarları dəvət edək və həmin adamlarla şirkətlər arasında əlaqə yaradaq. Özümüzün fəal köməyimizlə onların işlə təmin edilməsinə kömək edək”, –
Laşa Lobcanidze bildirdi.

Lobcanidzenin sözlərinə görə, bələdiyyə artıq müəyyən formalar hazırlayıb. Formaların köməyi ilə onlara lazım olan məlumatı toplayacaqlar.

Marneuli merinin müavininin sözlərinə görə Fiziki İmkanları Məhdud Şəxslər Şurasına fiziki və hüquqi şəxslərdən çox az ərizə daxil olur. O, əhalini və fiziki imkanları məhdud şəxslərin məsələləri üzrə işləyən təşkilatları fəal olmağa çağırır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google