“Salam” platforması siyasi partiyaları seçkiqabağı proqram və
platformalarına Marneuli özünüidarə xidmətlərinin tərcüməsi,
administrasiyada azlıqların dilində məktubların qəbulu və verilməsi
barədə vəd nəzərdə tutmağa çağırır.
“Salam”-ın “Marneulidə Gürcüstan Azərbaycanlı icmasının ehtiyacları
və problemləri” barədə araşdırmada qeyd etdiyinə görə, əhali əksər
hallarda problemlərinin həlli üçün özünüidarə orqanlarına müraciət
etmir. Müraciət etsələr də, heç bir nəticə, yaxud cavab ala
bilmirlər.
“Əhali və özünüidarə arasında olan gözəgörünməz sədd
hissinə səbəb olaraq dil baryeri, əhalidə mövcud olan qorxu və
azlıqlara qarşı olan mənfi münasibətlər qeyd olunur. Fokus-qruplar
zamanı müəyyən olunub ki, yerli əhali yerli məmurların
fəaliyyətindən narazıdır. Əhali başa düşür ki, yerli özünüidarədə
işlə təmin edilmiş adamların ilkin rolu və öhdəliyi əhalini
dəstəkləmək, onlara xidmət göstərməkdir. Ancaq, onu da bilirlər ki,
özünüidarə bunu tam yerinə yetirə bilməyəcək. Bunun üçün öz
fəaliyyətlərini əhalinin başa düşdüyü dildə həyata keçirməlidirlər.
Onların fikrinə görə, dövlət məmurları, yerlərində olan zaman,
başqa işləri olmadıqda belə, vətəndaşların qəbulunu əksər hallarda
rədd edirlər”, – “Salam”-ın hesabatında yazılıb.
“Marneuli” radiosu Marneuli meri vəzifəsinə namizədlərdən mer
olduqları halda bələdiyyədə Marneuli sakini olan etnik azlıq
nümayəndələrinin başa düşdüyü dildə xidmət göstərilməsinə kömək
edəcək xidmətin yaradılmasını planlaşdırıb-planlaşdırmadıqlarını
öyrənməyə çalışdı. Marneulidə bu il mer vəzifəsinə ümumilikdə üç
namizəd var.
“Gürcü Arzusu”-ndan Kənan Ömərov, “Avropalı Gürcüstan”-dan Əhməd
İmamquliyev və “Vahid Milli Hərəkat”-dan Eldar Mustafayev bu vəzifə
uğrunda mübarizə aparacaqlar.
“Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat”-ın mer vəzifəsinə
namizədləri düşünürlər ki, bələdiyyədə xidmət yaradılmalıdır. Həmin
xidmətin köməyi ilə etnik azlıqlar başa düşdüyü dildə məlumat
alacaqlar. “Gürcü Arzusu”-nun mer vəzifəsinə namizədi isə
“Marneuli” radiosunun zənglərinə cavab vermir.
Əhməd İmamqliyevin sözlərinə görə, hələ 2017-ci ilin yerli
özünüidarə seçkilərində o, Marneuli meri vəzifəsi uğrunda mübarizə
aparan zaman təşəbbüs irəli sürmüş və vəd vermişdi ki, bələdiyyədə
etnik Azərbaycanlılar, ermənilər üçün onların başa düşdüyü dildə
məlumat ala biləcəyi məkan yaradılacaq.
“Onların başa düşdükləri dildə ərizə vermək imkanı olacaq. Bunu
həmin məkanda işləyən adamlar edəcək və sonra ona dövlət dilində
cavab veriləndə cavablar vətəndaşların başa düşdüyü dilə tərcümə
olunacaq. Həmin cavabları da məhz həmin məkanda işləyənlər tərcümə
edəcəklər.”
İmamquliyev hesab edir ki, bu mexanizmin qüvvəyə minməsi ilə
bələdiyyədə yaşayan vətəndaşların yerli özünüidarə ilə münasibəti
asanlaşacaq.
İmamquliyev kimi, “Milli Hərəkatın” mer vəzifəsinə namizədi Eldar
Mustafayev də qalib gəldiyi halda seçicilərə bələdiyyədə yeni
xidmət yaradılacağını vəd edir.
“Qalib gəldiyimiz halda biz hər bir vətəndaşı nəzərə alacağıq və
dövlət xidmətində maksimum dərəcədə onların istədiyi xidmətlər
yaradılacaq. Dövlət xidməti öz fəaliyyətini Gürcüstan Ümumi
İnzibati Məcəlləsinə əsasən həyata keçirir. Qeyd olunan məcəllənin
14-cü maddəsinə əsasən inzibati fəaliyyət dili gürcü dilidir və
biz, əlbəttə, qanunvericiliyə tabeyik. Buna görə, məqsədəuyğun
hesab edirəm ki, Marneuli bələdiyyəsində “Məsləhət və Xidmət”
şöbəsi yaradılsın. Həmin şöbənin vasitəsi ilə vətəndaşlara hüquqi,
yaxud başqa məsləhətlərin verilməsi, yardım nəzərdə tutulacaq.
Dövlət dilini bilməyən vətəndaşlar üçün ərizələrin yazılması, eləcə
də qəbul edilmiş məktubların izah edilməsi həyata
keçiriləcək”, – Mustafayev bildirdi.
Mustafayev “Marneuli” radiosuna yazılı şəkildə verdiyi şərhdə
bildirdi ki, müəyyən hallarda yalnız etnik azlıq nümayəndələrinə
deyil, həm də etnik gürcülərə də məsləhət, yardım, hüquqi, yaxud iş
prosesində kömək lazım olur. Onun Marneuli sakinlərinə vəd etdiyi
xidmət isə məhz bu məsələlərin həllində vətəndaşlara kömək
edəcək.